Yuxarı

SOCAR-da İranın neft mütəxəssisləri ilə görüş keçirilib

Görüşdə səslənmiş qarşılıqlı təkliflər ətrafında geniş fikir mübadiləsi aparılıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ İranın Xəzər Kəşfiyyat və Hasilat Şirkətinin (KEPCO) geologiya, geofizika, geodeziya, qazma və hasilat üzrə aparıcı mütəxəssisləri Azərbaycana səfərin yekunlarını müzakirə etmək məqsədi ilə SOCAR-ın baş ofisində şirkətin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə ilə görüşüblər. "Report" xəbər verir ki, bu barədə SOCAR-ın yaydığı məlumatda bildirilir. 

Xoşbəxt Yusifzadə qonaqları salamlayaraq, ölkələrimiz arasında neft-qaz sənayesində əməkdaşlığın çoxillik tarixə malik olduğunu xatırladıb, qeyd edib ki, uzun fasilədən sonra neft-qaz yataqlarının axtarışı və işlənməsi sahəsində əməkdaşlıq imkanı yaranmışdır və bu imkandan yüksək səviyyədə istifadə olunmalıdır. 

KEPCO-nun geoloji-kəşfiyyat üzrə direktoru Yusif Etemadi yüksək elmi potensiala və kadr resurslarına malik SOCAR-ın idarə və müəssisələrində keçirilən görüşlər zamanı Azərbaycanın neft-qaz sənayesində tətbiq olunan yeni texnologiyaların böyük maraq kəsb etdiyini söyləyib, bildirib ki, səfər çərçivəsində Xəzər dənizində, eləcə də qurudakı neft-qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi sahəsində zəngin təcrübəyə malik Azərbaycan neftçiləri ilə geniş fikir mübadilələri aparıb, istifadə olunan texniki-texnoloji proseslərlə tanış olub, birgə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. Qonaqlar Azərbaycanda geodeziya və hidroqrafiya mütəxəssislərinin, geofiziklərin, qazmaçıların gördükləri işlərə xüsusi maraq göstərdiklərini qeyd etmiş, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayıblar. Palçıq vulkanlarının təzahürləri və quyuların qazılmasına təsiri, dərin sularda qaz hidratlarının öyrənilməsi, onların ehtiyatlarının hesablanması, neft-qaz sənayesində tətbiq olunan müasir kompüter proqramlarının birgə mənimsənilməsi, regional seysmik məlumatların birgə araşdırılması və ümumi stratiqrafiyanın, struktur-tektonik xüsusiyyətlərin öyrənilməsi və digər məsələlər Azərbaycan və İran neftçiləri arasında əməkdaşlığın perspektiv istiqamətləri kimi müəyyən edilib.

Akademik Xoşbəxt Yusifzadə ölkələrimiz arasında enerji sektorunda əlaqələrin dərinləşdirilməsi üçün böyük perspektivlərin olduğunu söyləyib, neft-qaz sənayesində əməkdaşlığın iki ölkənin iqtisadi inkişafına daha böyük töhfələr verəcəyinə əminliyini bildirib, bu görüşlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb. Görüşdə səslənmiş qarşılıqlı təkliflər ətrafında geniş fikir mübadiləsi aparılıb. 

Sonda qonaqlara SOCAR-ın xatirə hədiyyələri verilib. 

Qeyd edək ki, 2014-cü ilin ilin avqustunda SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin rəhbərlik etdiyi mütəxəssislər qrupunun İran İslam Respublikasına səfəri çərçivəsində bu ölkənin Xəzər Kəşfiyyat və Hasilat Şirkəti (KEPCO) ilə SOCAR arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, neft-qaz sənayesində əməkdaşlığın genişləndirilməsi məqsədi ilə vaxtaşırı görüşlərin keçirilməsi, təcrübə mübadiləsinin aparılması zəruri hesab edilib. Bununla əlaqədar, bu il avqustun sonunda KEPCO-nun geoloji-kəşfiyyat üzrə direktoru Yusif Etemadinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər edib, SOCAR-ın Geofizika və Geologiya İdarəsində, “Neftqazelmitədqiqatlayihə” İnstitutunda və “Azneft” İstehsalat Birliyində azərbaycanlı həmkarları ilə görüşlər keçiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi