SOCAR qanvermə aksiyasına qoşulub

SOCAR qanvermə aksiyasına qoşulub
Energetika
19 İyun , 2020 11:03
SOCAR qanvermə aksiyasına qoşulub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) idarə və müəssisələri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində qanvermə təşəbbüsünə qoşulub.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, şirkət rəhbərliyinin göstərişi əsasında SOCAR-ın Baş ofisində və şirkətin strukturuna daxil olan qurumlarda “Donor günü” aksiyası ilə əlaqədar qrafik tərtib edilib. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya institutu ilə razılaşdırıldıqdan sonra talassemiyalı xəstələr üçün qanvermə prosesi uğurla həyata keçirilib.

SOCAR-ın ənənəvi olaraq atdığı bu xeyirxah addım Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən yüksək qiymətləndirilib, şirkət aksiyanın öncül təşkilatı kimi Mərkəz tərəfindən təltif edilib.

Bildirilib ki, SOCAR kollektivi “Qan ver, həyat xilas et!” devizi altında keçirilən hemofiliya və talassemiyalı xəstələr üçün qanvermə aksiyalarında bundan sonra da yaxından iştirak etmək əzmindədir.

Qeyd edək ki, SOCAR-ın çoxminli kollektivi talasemiyyalı xəstələrə yardım etmək məqsədi ilə könüllü qanvermə aksiyalarında 2009-cu ildən etibarən fəal iştirak edir. 2020-ci ilin iyun ayına qədər şirkətin 34 563 nəfər əməkdaşı bu humanist aksiyaya qoşularaq, talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara qan verməklə köməklik göstərib.