SOCAR-da Fasiləsiz Təkmilləşdirmə Sistemi tətbiq olunur

SOCAR-da Fasiləsiz Təkmilləşdirmə Sistemi tətbiq olunur “Ernst&Young” şirkətinin əməkdaşlarının iştirakı ilə yeni prosesin əməliyyat modeli və reqlamenti hazırlanıb
Energetika
10 Aprel , 2017 12:39
SOCAR-da Fasiləsiz Təkmilləşdirmə Sistemi tətbiq olunur
Socar.az

Bakı. 10 aprel. REPORT.AZ/ SOCAR-da qənaətcil istehsala əsaslanan və şirkətin fəaliyyətinin yaxşılaşdırılması üçün ideyaların verilməsi üzrə mütəşəkkil prosesi (iqtisadi səmərənin əldə edilməsi, əmək təhlükəsizliyi səviyyəsinin artırılması, ekoloji effektivlik və s.) əhatə edən Fasiləsiz Təkmilləşdirmə Sisteminin (FTS) tətbiqi sürətlənib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, bu məqsədlə “Ernst&Young” konsaltinq şirkətinin əməkdaşlarının iştirakı ilə yeni prosesin əməliyyat modeli və reqlamenti hazırlanıb. Vəzifəsindən asılı olmayaraq SOCAR-ın bütün əməkdaşları bu prosesdə iştirak edə bilərlər.

SOCAR prezidentinin əmrinə əsasən, aprelin 3-dən FTS “Azneft” İB, “Azəriqaz” İB, “Azərikimya” İB, Geofizika və Geologiya İdarəsi, Neft Kəmərləri İdarəsi, Qaz ixrac İdarəsi, Kompleks qazma işləri Tresti, “Neftqaztikinti” Tresti, Heydər Əliyev adına Neft Emalı Zavodu və Qaz Emalı Zavodunda tətbiq olunur. İrəli sürülən ideyaların təhlili məqsədi ilə 11 müəssisədə işçi və ekspert qrupları yaradılıb. Texniki Şura tərəfindən qəbul olunacaq ideyaların müəllifləri əldə ediləcək faktiki iqtisadi səmərəyə müvafiq olaraq mükafatlandırılacaqlar.

Qeyd edək ki, 2016-cı ilin dekabrında Nəqliyyat Departamentində FTS-nin tətbiqi üzrə pilot layihə reallaşdırılıb, müəssisənin əməkdaşları prosesə yüksək maraq göstəriblər. İki həftə ərzində 12 təklif verilib, bu təkliflərdən 3-ü ekspert qrupunun müzakirəsinə çıxarılıb, 1 təklif isə Texniki Şuranın qərarı ilə həyata keçirilib. Nəqliyyat Departamentinin ən çox xərc tələb edən sahələrindən olan avtomobil şinləri üzrə məsrəflərin azaldılmasına yönəlmiş bu təklifin müəllifləri - texniki şöbənin əməkdaşları Vüqar Səfərov və Toğrul Allahverdiyev mükafatlandırılıb.

Son xəbərlər

Orphus sistemi