Bakı. 3 iyul. REPORT.AZ/ 2014-cü ildən etibarən Azərbaycanda Amerika Ticarət Palatasına (AmCham), 2017-ci ildən "AmCham"ın İnsan Resursları Komitəsinə üzv olan SOCAR-ın təşəbbüsü, “AmCham” və Komitə sədrinin razılığı əsasında İnsan Resursları Komitəsinin iclası “SOCAR Tower”də keçirilib.
“Report” şirkətə istinadən xəbər verir ki, SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov şirkətdə insan resursları sahəsində aparılan işlər, rəqəmsal texnologiyaların tətbiqi və “SAP” proqram təminatına inteqrasiya barədə məlumat verib, SOCAR-ın İnsan Resursları Komitəsinə üzvlüyünün şirkətin insan resursları sahəsində fəaliyyətinə müsbət töhfə verəcəyi vurğulanıb.
"AmCham"ın Direktorlar Şurasının üzvü Nuran Kərimov və BP şirkətinin insan resursları üzrə vitse-prezidenti, İnsan Resursları Komitəsinin sədri Leyla Novruzova "AmCham"la sıx əməkdaşlığa və tədbirin təşkilinə görə SOCAR-a təşəkkürlərini bildiribər.
İclasda BP, “Deloitte” şirkətlərinin, habelə "AmCham"ın nümayəndələri “İnsan resurslarında rəqəmsal texnologiyalar”, “Şirkətlərin auditə hazırlığı” və “Yerli işçilərin illik əmək haqqı sorğuları” mövzularında təqdimatla çıxış ediblər.





