Yuxarı

​SOCAR-da "AÇG" layihəsinin müddəti ilə bağlı görüş keçirilib

AÇG yataqlar bloku üzrə gələcək işlənməni nəzərdə tutan sazişin mövcud tərəfdaşlarla bağlanılmasının mümkünlüyü qeyd edilib

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində Xəzərin milli sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənilməsi layihəsinin tərəfdaşları - BP, "Statoil", "Exxon Mobil", "Chevron", "Itochu", "Inpex", TPAO, "ONCL Videsh" şirkətlərinin təmsilçiləri ilə SOCAR və SOFAZ (Azərbaycan Dövlət Neft Fondu) rəhbərliyinin görüşü keçirilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə “Azəri”, "Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənilməsinə dair 1994-cü il sentyabrın 20-də imzalanmış Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) tarixə “Əsrin müqaviləsi” kimi əbədi həkk olunduğu qeyd edilib, bu hadisənin regional və qlobal əhəmiyyəti vurğulanıb.

HPBS üzrə uzunmüddətli əməkdaşlıq məsələlərini müzakirə edən görüş iştirakçıları layihənin indiki və gələcəkdə mümkün inkişafı haqqında ətraflı fikir mübadiləsi aparıb.

BP və tərəfdaş şirkətlərin nümayəndələri Azərbaycanda xarici investisiyaların təşviqi və qorunması üçün sabit şəraitin yaradıldığını yüksək qiymətləndirib, mövcud əlverişli biznes mühitinin enerji layihələrinin inkişafında mühüm rol oynadığını qeyd ediblər. Bildirilib ki, tərəfdaşlar gələcək fəaliyyət planlarında bunu məmnuniyyətlə nəzərə alırlar. Layihənin operatoru olan BP və görüşdə təmsil edilən digər xarici şirkətlərin nümayəndələri SOCAR-la uzunmüddətli əməkdaşlıq təcrübəsinin effektivliyini və onun etibarlı tərəfdaş olduğunu xüsusi vurğulayıblar.

Görüşdə qeyd olunub ki, BP və tərəfdaşlarla SOCAR arasında "AÇG" layihəsinin gələcək inkişafı üzrə uzunmüddətli texniki müzakirələr aparılıb. Müzakirələrin gedişində “Azəri”, “Çıraq” və dərinsulu "Günəşli” yataqlarının hələ də böyük potensiala malik olduğu müəyyən edilib. Aparılmış müzakirələrdə həmçinin yataqlar blokundakı resursların mövcud HPBS müddətindən sonrakı dövrlərdə birgə işlənməsinin effektivliyi məsələsi də araşdırılıb. 

Görüşdə "AÇG" yataqları üzrə gələcək işlənməni nəzərdə tutan sazişin mövcud tərəfdaşlarla bağlanılmasının mümkünlüyü qeyd edilib və SOCAR-ın mövcud tərəfdaşlarla yeni saziş bağlamaq niyyəti bəyan olunub. Bu niyyət BP və digər tərəfdaş şirkətlərin təmsilçiləri tərəfindən məmnuniyyətlə qarşılanıb. 

Tərəflər gələcəkdə atılacaq addımların əlaqələndirilməsi barədə razılığa gəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi