Bakı. 21 iyun. REPORT.AZ/ Sıxılmış Təbii Qazın (CNG) istehsalı və satışı ilə məşğul olan SOCAR-ın törəmə müəssisəsi “SOCAR-CNG” MMC və "İmprotex" Şirkətlər Qrupuna daxil olan “İmprotex Trucks & Buses” MMC arasında qarşılıqlı əməkdaşlıq haqqında niyyət sazişi imzalanıb.
Bu barədə “Report”a “SOCAR-CNG” MMC-nin mətbuat xidmətindən məlumat verilib.
Sazişə əsasən, tərəflər Azərbaycanda CNG-nin mühərrik yanacağı kimi tətbiq edilməsi sahəsində əməkdaşlığın aparılmasını planlaşdırır.
“SOCAR-CNG” və “İmprotex Trucks & Buses” benzin və dizel yanacağı ilə çalışan avtomobillərin CNG-yə keçirilməsi, CNG ilə çalışan mono-yanacaq (yəni zavod komplektasiyada CNG mühhəriki ilə təchiz olunmuş) nəqliyyat vasitələrinin müştərilərə təklif olunması, CNG-nin mühərrik yanacağı kimi tətbiqi müsbət ekoloji və iqtisadi effektinin dəyərləndirilməsi və istismarının təhlükəsizliyinin təmin edilməsi kimi istiqamətlərdə əməkdaşlıq aparacaq.
"Bu əməkdaşlığın nəticəsi ölkənin yanacaq bazarının davamlı inkişafına əhəmiyyətli impuls verəcəyi gözlənilir", - deyə şirkətdən bildirilib.