Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) həyata keçirməyə başladığı bütün investisiya layihələrinin icrasını tam başa çatdıracaq.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Neft-qaz Mühəndisləri Cəmiyyətinin II Xəzər texniki konfrans-sərgisində çıxışında SOCAR-ın Sərmayələr İdarəsinin rəis müavini Zaur Qərhəmanov bildirib: "Digər şirkətlər kimi Azərbaycan Dövlət Neft Şirkəti də xərclərini optimallaşdırmaq istəyir, lakin başladığımız bütün layihələri başa çatdıracağıq".
Z.Qərhəmanov qeyd edib ki, Şirkət bütün öhdəliklərini icra edəcək: "Amma nəzərdə tutulan bir sıra layihələri sonra da icra edə bilərik. Bu, böyük layihələrə aid deyil. Bizim Azərbaycanda müəyyən sosial məsuliyyətimiz var və sosial öhdəliklərimizi də icra etməliyik. Bizim iş üslubumuz bundan ibarətdir".
"Həmçinin çalışırıq ki, rəqabət qabiliyyətimiz zəifləməsin. Qiymətlərlə bağlı təhlillər aparmışıq. Hazırda bir sıra çağırışlar var. Bu çağırışlarla üzləşməliyik və onların öhdəsindən gəlməliyik", - deyə SOCAR-ın İdarə rəisinin müavini qeyd edib.