Yuxarı

SOCAR bu ilin sonuna qədər qaz itkisini 3,6%-ə qədər azaltmağı planlaşdırır

İtkilərin azaldılması üçün 1,2 mlrd. manat xərclənib

Bakı.22 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) itkiləri aradan qaldırmaq üçün 1,2 mlrd. manata yaxın vəsait xərcləyərək qaz təsərrüfatını yeniləyib.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə,  sistemdəki itkinin 16%-dən bu ilin sonuna qədər 3,6%-ə qədər azalması gözlənilir. “Bu, qaz itkisinin həcminin 2,036 mlrd. kubmetrdən 400-500 mln. kubmetrə düşməsi deməkdir. Hər il itkiləri azaltmaq üçün proqramlar həyata keçirilir. Yeni sistem qurulandan sonra Hacıqabul rayonunda itki 1%-ə düşüb. Xəzər rayonunda əvvəllər itki 76% olub, indi isə 20%-dən azdır”,- deyə R.Abdullayev əlavə edib.

O həmçinin qeyd edib ki, hazırda əhali qaza olan borcunu tam ödəyir, sadəcə bir-iki büdcə təşkilatı ödənişdə yubanmaya yol verir.

SOCAR prezidenti ölkə üzrə həyata keçirilən qazlaşdırma proqramından da danışıb və bildirib ki, 2010-cu ildə Azərbaycanda aktiv qaz abunəçilərinin sayı 780 minə yaxın olub, hazırda isə 1,98 mln.-a yaxındır. Onun sözlərinə görə, bu ilin sonuna abunəçilərin sayı 2 mln.-a çatdırıla bilər.

“Azərbaycanda qaz təsərrüfatında böyük dəyişikliklər olub. Ölkə üzrə 92%-ə qədər təsərrüfat qazlaşdırılıb. Bütün bu işlər müvafiq dövlət proqramı çərçivəsində həyata keçirilir və Prezident İlham Əliyevin nəzarəti altındadır. Prezidentin bizim qarşımızda qoyduğu tapşırıq 2018-ci ilə qədər Azərbaycan əhalisini imkan daxilində qazla təmin etməkdir” - R.Abdullayev fikrini tamamlayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi