SOCAR NEZ-də məşəl qüllələrində tüstülənmənin bitmə vaxtını açıqlayıb

SOCAR NEZ-də məşəl qüllələrində tüstülənmənin bitmə vaxtını açıqlayıb ​​​​​​​Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən modernizasiya və yenidənqurma işlərinin yekun mərhələsi icra edilir
Energetika
26 May , 2022 12:54
SOCAR NEZ-də məşəl qüllələrində tüstülənmənin bitmə vaxtını açıqlayıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən modernizasiya və yenidənqurma işlərinin yekun mərhələsi icra edilir.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, hazırda plana uyğun olaraq zavodun əsas texnoloji qurğularının istismara verilməsi prosesi həyata keçirilir.

Bildirilir ki, NEZ-in qurğularına xam neft və neft məhsullarının qəbulu, qurğuların emal gücünə çatdırılması zamanı baş verə biləcək mümkün texnoloji dayanmaların qarşısının alınması məqsədilə müəyyən karbohidrogen qarışıqları zavodun məşəl sistemlərinə göndərilir və nəticədə NEZ-in məşəl qüllələrində tüstülənmə baş verir: “Bu tüstülənmə qurğular tam olaraq istismar həcminə çatdırılana və emal prosesi normallaşana qədər davam edə bilər”.

Qeyd edək ki, hazırda SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun istehsal gücünün artırılması, respublikanın “AVRO-5” standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, ətraf mühitə təsirlərin minimuma endirilməsi, “Azərikimya” İstehsalat Birliyinin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri davam edir. Layihə çərçivəsində NEZ-də əməliyyat mükəmməlliyi və dayanıqlığı proqramı həyata keçirilir. Proqram çərçivəsində NEZ-in 2022-ci il üzrə əsaslı təmirlə bağlı iş həcmi müəyyənləşdirilib və kompleks tədbirlər planı hazırlanıb.

Nəticədə 4 aprel 2022-ci il tarixdən etibarən NEZ əsaslı planlı təmirə dayandırılıb. 2022-ci ilin əsaslı təmiri NEZ-də uzun müddətli (bir ildən çox) fasilədən sonra həyata keçirilir, işlər həcminə və mürəkkəbliyinə görə əvvəlki illərin təmir işlərindən kəskin fərqlənir. Təmirə dayanma zamanı SOCAR və kənar təşkilatlardan 2000-dən çox işçi qüvvəsi cəlb ediləcək.

Əsaslı təmir müddəti ərzində respublikanın müvafiq mühərrik yanacaqları ilə fasiləsiz təmin olunması üçün SOCAR tərəfindən lazımi tədbirlər görülüb. Belə ki, NEZ-in strukturuna daxil olan keçmiş “Azərneftyağ” NEZ-in bir sıra qurğuları istismarını davam etdirəcək və müəyyən həcmdə kerosin, dizel və benzin istehsal olunacaq. Həmçinin ölkənin dizel və kerosin yanacaqlarına olan tələbatı NEZ-də formalaşdırılmış ehtiyatlar hesabına təmin ediləcək.

Son xəbərlər

Orphus sistemi