Yuxarı

SOCAR avtomobil benzininin istehsalını azaldıb

Cari ilin yanvar-iyul aylarında Bakının neft emalı zavodları 684 min ton benzin istehsal edib

Bakı. 18 avqust. REPORT.AZ/ Cari ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bakı neft emalı zavodları toplam olaraq 683,9 min ton benzin istehsal edib. "Report"un verdiyi xəbərə görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir. 

Ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil benzininin istehsalı 16,2% azalıb. Cari ilin avqust ayının 1-nə olan məlumatlara əsasən, müəssisələrin anbarlarında 66,7 min ton hazır məhsul qalığı yığılıb. 

Qeyd etmək lazımdır ki, hazırda Bakı neft emalı zavodlarında yalnız Ai-92 markalı benzin istehsal olunur. Ai-95 markalı benzinin istehsalı dayandırılıb və hazırda ölkəyə "Premium" markası altında idxal olunur. Ai-92 markalı benzinin qiyməti (0,7 manat/litr) dövlət tərəfindən tənzimlənir. 

"Premium" markalı benzinə gəldikdə isə, Nazirlər Kabinetinin qərarına əsasən, onun qiyməti sərbəstdir. Hazırda "Premium" markalı benzin yanacaqdoldurma məntəqələrində 0,97 mana/litr qiyməti ilə satılır. 

Bundan başqa, yanvar-iyul aylarında neft-kimya sənayesində istifadə üçün 101,5 min ton benzin istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 19,3% çoxdur. 

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda 1,407 mln. ton avtomobil benzini və neft-kimya sənayesində istifadə üçün125 min ton benzin istehsal olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi