"SOCAR-AQŞ" şirkəti "Günəşli" yatağında daha bir quyu qazıb

"SOCAR-AQŞ" şirkəti "Günəşli" yatağında daha bir quyu qazıb İşlər vaxtından əvvəl yekunlaşdırılıb, quyu isə sifarişçiyə təhvil verilib
Energetika
2 Sentyabr , 2015 12:03
SOCAR-AQŞ şirkəti Günəşli yatağında daha bir quyu qazıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ "SOCAR-AQŞ" şirkəti 11 saylı stasionar dəniz özülündən layihə dərinliyi 3 190 metr  olan 345 saylı quyunun tikintisi işlərini təhlükəsiz, ətraf mühitə heç bir ziyan vurmadan və vaxtından əvvəl yekunlaşdırıb.

"Report" xəbər verir ki, “Günəşli’’ yatağının dayaz sulu hissəsində qazılan quyunun faktiki dərinliyi 3 203 metr təşkil edir. Fasilə Lay Dəstəsinə (FLD) qazılan quyuya istismar kəməri endirilib, sementlənib və kipliyi yoxlanılıb. Artıq quyu sifarişçiyə təhvil verilib.

Məlumatda qeyd olunub ki, sifarişçi tərəfindən Fasilə Lay Dəstəsinə qazılan quyuların qazma ilə yekunlaşdırılması üçün ən azı 90 gün vaxt müəyyən edilsə də əməliyyatlarında yeni idarəetmə üsulları, yeni texnologiya, standartlar və yeni yanaşma tətbiq edən "SOCAR-AQŞ" sifarişçi tərəfindən təyin edilən müddəti xeyli qabaqlayır.

Qeyd edək ki, sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

"SOCAR-AQŞ" MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron Qazma” Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir. Hazırda "SOCAR-AQŞ" dayaz sulu "Günəşli" yatağında yerləşən 11 saylı və "Ümid" yatağının 1 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.

Müəssisə, eyni zamanda “Qərbi Abşeron”, ‘’Bulla’’ və ‘’Günəşli 7’’ yataqlarında qazma işlərinin həyata keçirilməsi üçün hazırlıq işlərini davam etdirir.

Son xəbərlər

Orphus sistemi