Yuxarı

SOCAR AQŞ "Günəşli" yatağında daha bir quyunun tikintisini vaxtından xeyli əvvəl başa çatdırıb

​SOCAR AQŞ “Günəşli’’ yatağinda daha bir quyu tikib

SOCAR AQŞ MMC 7 saylı dəniz stasionar özülündən faktiki dərinliyi 2660 m olan 342 nömrəli quyunun tikintisi işlərini təhlükəsiz, vaxtından xeyli əvvəl və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb.

"Report" bu barədə Şirkətə istinadən xəbər verir. 

Bununla bağlı SOCAR AQŞ-nin Əməliyyatların səmərəliyinə nəzarət şöbəsinin müdiri Oktay Bağırov bildirib: "Yeni nəsil qazma avadanlığı “Bentec 3000 HP” vasitəsilə 342 nömrəli quyu Balaxanı lay dəstəsi –X horizonta keyfiyyətlə qazılaraq sifarişçiyə təhvil verilib. Quyunun faktiki kommersiya sürəti 1698m/dəzgah/ay təşkil edib. Bu rəqəm özlüyündə quyu tikintisinin təhlükəsiz aparılmasının və qazmanın optimallaşdırılmasının nəticəsidir ki, sifarişçinin təyin etdiyi vaxtdan 1.5 dəfə az müddətə quyu qazılaraq təhvil verilmiş və yüksək iqtisadi səmərə əldə edilib. Əminik ki, dəyərlərinə daim sadiq qalan SOCAR AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcək".

Sifarişçi SOCAR-ın «Azneft» İstehsalat Birliyidir.

SOCAR AQŞ inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

Hal-hazırda SOCAR AQŞ dayazsulu "Günəşli" yatağında yerləşən 7 və 11 saylı, «Qərbi Abşeron» yatağının 10 saylı və «Bulla» yatağında 6 saylı Dəniz Stasionar Özüllərində (DSÖ) qazma işləri aparır.

Müəssisə 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. SOCAR AQŞ, Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün ISO 9001:2015; ISO 14001:2015 və ISO 45001:2018 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi