Yuxarı

"Snam" şirkəti TAP layihəsinin səhmdarı olub - YENİLƏNİB

O, Statoil şirkətinin 20% payını alıb

İlk xəbər saat 10:06-da verilib

Bakı. 18 dekabr. REPORT.AZ/ Norveçin "Statoil" şirkətinin Trans-Adriatik boru kəməri (TAP) layihəsindəki 20% payının İtaliyanın "Snam" qaz infrastruktur şirkətinə satılması əməliyyatı yekunlaşıb. "Report" xəbər verir ki, bu barədə TAP konsorsiumu məlumat yayıb.

Beləliklə, TAP-ın səhmdarları bu şirkətlər olub: BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%).

"TAP-AG"-nin icraçı direktoru Yan Bredşou (Ian Bradshaw) "Snam" şirkətinin rəsmi olaraq TAP layihəsinə qoşulmasından məmnun olduğunu bildirib.

"Snam" şirkətinin bu layihədə olması yeni mənbədən Avropanın enerji bazarına qaz nəqlini həyata keçirəcək TAP layihəsinin strateji mövqeyini daha da gücləndirməyə davam edəcək", - deyə Y.Bredşou əlavə edib.

Qeyd edək ki, "Statoil" şirkətinin dekabrın əvvəlində yaydığı məlumata görə, alqı-satqı əməliyyatının məbləği 208 mln. avro təşkil edir.

Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" çərçivəsində hasil olunan qaz Avropaya nəql olunacaq. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq. Boru kəmərinin uzunluğu 878 km təşkil edir.

***

"Snam" şirkətinin yaydığı məlumata görə isə, ümumi məbləğdən 130 mln. avro artıq "Statoil" şirkətinə ödənilib. Bundan başqa, 78 mln. avro TAP-ın kreditləşməsinə yönəldiləcək. "Snam" şirkəti TAP-ın Direktorlar Şurasında iki nümayəndə ilə təmsil olunacaq.

Alqı-satqı əməliyyatı Norveçdə "Snam" şirkətinin icraçı direktoru Karlo Malakarne (Carlo Malacarne) və "Statoil" şirkətinin prezidenti və icraçı direktoru Eldar Setre arasında görüşdə imzalanan pay alqısı sazişi ilə başa çatıb.

K.Malakarne bildirib ki, "Snam" şirkətinin TAP-a qoşulması şirkətin beynəlxalq inkişaf strategiyası yönündə və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə sentyabrda imzalanmış Anlaşma Memorandumundan sonra atılmış önəmli addımdır: "Bu, "Snam" şirkətinə Avropaya yeni mənbədən qaz nəqlinin inkişafında əsas rol oynamağa imkan verir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi