Yuxarı
    Bağlamaq

    Səudiyyə naziri: "Azərbaycan neft hasilatını öhdəlikdən daha çox azaldıb"

    Xalid əl Falihi Vyana razılaşmasının uzadılması ilə bağlı müzakirələrin aparılması üçün Rusiyaya gedəcək

    Bakı. 26 aprel. REPORT.AZ/ “Azərbaycan neft hasilatının azaldılması ilə bağlı öhdəliyini ən yaxşı icra edən ölkələrdən biridir. Azərbaycan neft hasilatını tələb edilən öhdəlikdən daha çox azaldıb”. 

    "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid əl Falihi deyib.

    Səudiyyə naziri deyib ki, neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasının uzadılması ilə bağlı müzakirələrin aparılması üçün Rusiyaya gedəcək. O, Moskvada rusiyalı həmkarı Aleksandr Novakla görüşəcək.

    Qeyd edək ki, bu ilin mart ayı ərzində Azərbaycanda gündəlik neft hasilatı 733,3 min barel olub. Bunun 693,3 min barelini xam neft, 40 min barelini kondensat təşkil edib. Gündəlik 596 min barel xam neft, 40,0 min barel kondensat, 23 min barel isə neft məhsulları ixrac edilib. Beləliklə, 11 qeyri-OPEC ölkəsinin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barel azaldılması barədə razılaşması çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Qeyd edək ki, yanvar ayı ərzində Azərbaycanda gündəlik neft hasilatı 793,9 min barel, fevralda isə 776,4 min barel olub.

    Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın 558 min barel/gün azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması imkanı nəzərdə tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi