Bakı. 21 iyun. REPORT.AZ/ Səudiyyə Ərəbistanı OPEC+ ölkələrinə neft hasilatının gündəlik həcmini 600-800 min barrel artırmağı təklif edib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu, yekun təklif olmasa da, bu gündən başlayaraq iyunun 23-nə qədər Vyanada (Avstriya) OPEC-in “Neft-Dayanıqlı gələcək üçün əməkdaşlıq” mövzusunda keçiriləcək 7-ci beynəlxalq seminarında müzakirə üçün baza olacaq.
Hasilatın artırılması məsələsinin ayrıca Rusiya ilə müzakirə ediləcəyi də gözlənilir.
Xatırladaq ki, Rusiya neft hasilatının gündəlik həcminin sutkada 1,5 mln barrel artırılmasını təklif edib.
Səudiyyə Ərəbistanın energetika naziri Xalid Əl Falix bəyan edib ki, OPEC-in bütün liderləri neftlə bağlı siyasətin dəyişdirilməsinin vaxtının çatdığına əmindir.