"​Şərq-Qərb" enerji dəhlizinin 20 illiyi qeyd olunub

"​Şərq-Qərb" enerji dəhlizinin 20 illiyi qeyd olunub Baş nazir Artur Rasizadə Azərbaycan-Gürcüstan əlaqələrinin daim yüksək səviyyədə olduğunu vurğulayıb
Energetika
16 May , 2016 19:33
​Şərq-Qərb enerji dəhlizinin 20 illiyi qeyd olunub

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycan baş naziri Artur Rasizadənin rəhbərlik etdiyi, energetika naziri Natiq Əliyev, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, şirkətin vitse-prezidenti Elşad Nəsirov və digər rəsmi şəxslərin daxil olduğu nümayəndə heyəti "Şərq-Qərb" enerji dəhlizinin 20 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün Gürcüstana səfər edib. Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Gürcüstanın dövlət və hökumət rəhbərləri ilə ikitərəfli görüşlər keçirilib. Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişaf perspektivləri, "Şərq-Qərb" enerji dəhlizinin fəaliyyəti, eləcə də regionda həyata keçirilən digər enerji layihələri müzakirə olunub. Azərbaycanı Gürcüstanın strateji tərəfdaşı adlandıran Georgi Marqvelaşvili ikitərəfli münasibətlərin inkişafında və möhkəmlənməsində maraqlı olduqlarını bildirib. Baş nazir Artur Rasizadə Azərbaycan-Gürcüstan əlaqələrinin daim yüksək səviyyədə olduğunu, dostluq münasibətlərinin inkişaf etdiyini, enerji layihələrinin hər iki dövlətin mənafeyinə xidmət etdiyini vurğulayıb. Azərbaycan Respublikasının nümayəndə heyəti Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə də görüşüb.

Sonra Azərbaycan nümayəndə heyəti, Gürcüstan rəsmiləri, diplomatik korpusun və BP şirkətinin nümayəndələri "Şərq-Qərb" dəhlizinin 20 illiyi münasibətilə keçirilən təntənəli tədbirdə iştirak ediblər. Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze yubiley tədbirini açaraq regionda həyata keçirilən irimiqyaslı enerji layihələrinin, xüsusilə də "Şərq-Qərb" enerji dəhlizinin əhəmiyyəti barədə ətraflı məlumat verib.

Gürcüstanın baş naziri Georgi Kvirkaşvili çıxışında bildirib ki, 20 il əvvəl Prezident Heydər Əliyev və prezident Eduard Şevardnadze tərəfindən əsası qoyulan Bakı-Supsa layihəsi Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qarantı oldu, həmçinin Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığın, enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafına imkan yaratdı.

Azərbaycanın baş naziri Artur Rasizadə qeyd edibr ki, Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı yeni neft strategiyasının əsasını təşkil edən məşhur “Əsrin kontraktı” çərçivəsində şaxələndirilmiş ixrac neft və qaz kəmərləri sistemi yaradılıb. Bakı-Supsa kəməri də həmin strategiyadan irəli gələn alternativ marşrutlardan biridir.

Azərbaycanın energetika naziri Natiq Əliyev, BP-nin regional vitse-prezidenti Peter Mather də tədbirdə çıxış edərək, Bakı-Supsa kəmərinin, eləcə də digər enerji layihələrinin əhəmiyyətindən danışıblar.

Qeyd olunub ki, 830 kilometr uzunluğunda olan Bakı-Supsa kəmərinin ötürücülük qabiliyyəti ildə 7 milyon ton, gündə 140 min bareldir. “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft bu kəmər vasitəsilə Gürcüstanın qərbinə, tutumu 120 min ton olan Supsa terminalına nəql edilir. Səngaçal terminalından kəmərə ilk neft 1998-ci ilin dekabrında vurulub, 1999-cu ilin yayında Supsadan ilk tankerə yüklənib.

Son xəbərlər

Orphus sistemi