Səfir: "TAP kəməri Azərbaycan-Yunanıstan iqtisadi əlaqələrini daha da gücləndirəcək"

Səfir: "TAP kəməri Azərbaycan-Yunanıstan iqtisadi əlaqələrini daha da gücləndirəcək" TAP layihəsinin icrası zamanı 2 000 daimi iş yeri açılacaq
Energetika
104
4 Mart , 2016 15:35
Səfir: TAP kəməri Azərbaycan-Yunanıstan iqtisadi əlaqələrini daha da gücləndirəcək

Bakı. 4 mart. REPORT.AZ/ Trans-Adriatik Boru Kəməri (TAP) Azərbaycan və Yunanıstan arasında daha güclü iqtisadi əlaqələri təmin edəcək. "Report" xəbər verir ki, bunu Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev Azərbaycan-Yunanıstan Ticarət və İqtisadi Palatasının təşkil etdiyi "ABŞ, Yunanıstan və Azərbaycan - biznes və siyasi münasibətlər" adlı tədbirdə bildirib.

O, həmçinin qeyd edib ki, yazılanların əksinə olaraq, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Yunanıstanın qazpaylayıcı şəbəkəsinin operatoru olan DESFA şirkətinin özlləşdirilməsinə marağını itirməyib və danışıqlar davam etdirilir.

Səfir bildirib ki, Azərbaycan Yunanıstan məhsullarının Mərkəzi Asiya və Çinə, Yunanıstan isə Azərbaycan şirkətlərinin Avropa bazarına çıxmasında pəncərə ola bilər.

Tədbirdə TAP kəmərinin əhəmiyyəti xüsusi vurğulanaraq qeyd olunub ki, bu boru kəmərinin həyata keçirilməsində 2 000 daimi, 10 000 isə müvəqqəti iş yerləri yaradılacaq.

DESFA səhmlərinin SOCAR-a satılması məsələsinin yekunlaşması Azərbaycan şirkətlərinin Yunanıstanda gələcək investisiyası üçün "yaşıl işıq" olacaq.

Tədbirdə çıxış edən ABŞ senatoru Leonidas Raptakis Azərbaycan, Yunanıstan, ABŞ münasibətlərinin əhəmiyyətindən danışaraq qeyd edib ki, TAP kəməri Yunanıstan iqtisadiyyatının bərpası baxımından çox əhəmiyyətlidir: "Bu boru kəməri Avropaya qaz nəqli baxımından əhəmiyyətlidir. Yunanıstan bu kəmərin icrasını vaxtında həyata keçirməlidir".

Qeyd edək ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 mln. avro təklif edən SOCAR qalib gəlib. Lakin sonradan Avropa Komissiyası inhisarçılıq subyektinin yaranması ehtimalı ilə bağlı narahatlığını ifadə edib və araşdırmalara başlayıb. Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq DESFA-nın 17%-ni digər şirkətə, yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlayıblar.

Artıq İtaliyanın "Snam", Belçikanın "Fluxys" və İspaniyanın "Enagas" şirkətləri bu səhm zərfinin alınmasında maraqlı olduqlarını bildirib və rəsmi olaraq Yunanıstan Dövlət Aktivlərinin İnkişafı Fonduna (HRADF) müraciət ediblər.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin mərhələdə ildə 10 mlrd. kubmetri Avropaya nəql olunacaq. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində Trans-Anadolu Qaz Boru Kəmərinə (TANAP) birləşəcək və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq. "Şahdəniz" yatağından Azərbaycan qazının Avropaya ilk tədarükü 2020-ci ildə planlaşdırılır. Boru kəmərinin uzunluğu 878 km təşkil edir ki, bunun da 545 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizi, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 metr), ən aşağı hissəsi isə dənizin dibində (-820 metr) olacaq. Hazırda TAP kəmərinin tikintisinə hazırlıq işləri aparılır. Bu il boru kəmərinin tikintisinə başlanması nəzərdə tutulur.

TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

Son xəbərlər

Orphus sistemi