Səfir: "Azərbaycan Vyetnamla kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlıq edə bilər"

Səfir: "Azərbaycan Vyetnamla kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlıq edə bilər" İki ölkə arasında neft sektorunda əməkdaşlıq dərinləşdirilə bilər
Energetika
6 İyun , 2016 14:42
Səfir: Azərbaycan Vyetnamla kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlıq edə bilər

Bakı. 6 iyun. REPORT.AZ/ "Azərbaycan Vyetnama yüksək keyfiyyətli neft avadanlıqları tədarük edir, eyni zamanda, xam neft ixrac edir". "Report" xəbər verir ki, bunu Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov yerli KİV-ə müsahibəsində bildirib.

"Azərbaycanla Vyetnam arasında neft sektorunda əməkdaşlıq artıq mövcuddur. Sovet vaxtında bir çox Azərbaycan mütəxəssisi Vyetnam neft sənayesinin yaradılmasında və bu ölkənin enerji sənayesində əhəmiyyətli rol oynayan "White Tiger" ("Ağ pələng"), "Dragon" ("Əjdaha") neft yataqlarının kəşf olunmasında fəal iştirak ediblər. Bundan başqa, "Vietsovpetro" şirkətinin ilk baş direktoru Azərbaycandan olub və onun neft sənayesinin inkişafında xidmətləri olub. Bir çox vyetnamlı tələbə Azərbaycanda neft sənayesi üzrə təhsil alıb və indi onlar "PetroVietnam", "Vietsovpetro" və digər neft şirkətlərində yüksək vəzifələr tuturlar. 2010-cu ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "PetroVietnam" arasında əməkdaşlığa dair memorandum imzalanıb", - deyə A.İmanov xatırladıb.

Səfir qeyd edib ki, bu ənənəvi əlaqələrə bağlı olaraq enerji sahəsində ikitərəfli əməkdaşlıq güclü inkişaf edir: "2014-cü ilin may ayında Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama və 2015-ci ilin may ayında Vyetnam Prezidenti Truonq Tan Sanqın Azərbaycana səfəri zamanı dövlət başçıları enerji sektorunda ikitərəfli əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb və bu istiqamətdə işləmək üçün müvafiq hökumət qurumlarına təlimat veriblər. Vyetnam Prezidentinin səfəri zamanı SOCAR və "PetroVietnam" arasında neft və qaz sənayesində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. İnanıram ki, gələcəkdə iki ölkə arasında neft sektorunda davamlı əməkdaşlığı görəcəyik".

Diplomat iki ölkənin kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlıq yarada biləcəyini də qeyd edib: "Turizm çox maraqlı sahələrdən biridir və fəal şəkildə inkişaf etdirilə bilər".

A.İmanov iki ölkə arasında kənd təsərrüfatı sahəsinə əməkdaşlığın böyük potensialı olduğunu, Vyetnamdan kənd təsərrüfatı məhsullarının, xüsusilə də düyü, kofe, Hindistan fıstığı, bibərin ixracının arta biləcəyini qeyd edib: "Eyni zamanda, tekstil və dəniz məhsullarının ixracı üzrə də məhsuldar əməkdaşlıq qurula bilər. Azərbaycan isə neft avadanlıqları və xam neftdən başqa müdafiə sənayesi məhsulları ilə bu əlaqələrə təkan verə bilər".

Son xəbərlər

Orphus sistemi