​"Saxo Bank": Yaxın gələcəkdə neft bazarında qiymətlər müsbət tendensiyalı olacaq

​"Saxo Bank": Yaxın gələcəkdə neft bazarında qiymətlər müsbət tendensiyalı olacaq Ole Hansen: "ABŞ-ın hasilatı yüksəltməsi ehtimalı qısamüddətli sövdələşmələrdə iştirak edən treyderləri narahat etməməlidir"
Energetika
11 İyun , 2015 14:23
​Saxo Bank: Yaxın gələcəkdə neft bazarında qiymətlər müsbət tendensiyalı olacaq

Bakı. 11 iyun. REPORT.AZ/ Ötən həftə Vyanada keçirilən toplantıda OPEC-in hasilat kvotasının stabil saxlanması ilə bağlı qərarı dünya neft bazarında ucuzlaşmaya səbəb olub. Lakin tezliklə diqqətin ABŞ-da baş verən və neft qiymətlərinə müsbət təsir edən hadisələrə yönlənməsi WTI markalı neftin 8% bahalaşmasına şərait yaradıb. Bunu "Saxo Bank"ın əmtəə strategiyaları bölməsinin rəhbəri Ole Hansen bildirib.

"Report" xəbər verir ki, Enerji İnformasiya Administrasiyasının (EİA) hesabatlarına əsasən, şist neft hasilatındakı azalma və ABŞ ehtiyatlarının ardıcıl olaraq altıncı həftə azalacağı ilə bağlı gözləntilər diqqəti OPEC-in kvotadan artıq hasilatı məsələsindən yayındırılmasına əsas səbəb olub.

EİA-nın son olaraq yayımladığı "Qazma işlərinin səmərəliliyi hesabatı"na əsasən, iyul ayında ABŞ iri şist neft yataqlarında hasilatı 92 min barel azaldacağı ehtimal olunur ki, bu da yanvardan etibarən ən aşağı göstərici olacaq. Hesabatda ilk dəfə 2016-cı ildə hasilatda əhəmiyyətli azalmanın olacağı proqnozlaşdırılır ki, bu da son 8 ildə bir ilk ola bilər. Qeyd olunan məlumat möhkəmlənmək uğrunda mübarizə aparan ABŞ dolları və ABŞ ehtiyatlarında həftəlik azalma ilə bağlı proqnozlarla birgə WTI və "Brent" markalarının apreldən etibarən müəyyənləşmiş qiymət diapozonlarının yenidən yuxarı həddində qərarlaşmasına dəstək olub.

Bununla yanaşı, O.Hansen qeyd edir ki, OPEC-in qlobal tələbin gündəlik 1,18 mln. barel həcmində qalmasının proqnozlaşdırılması və tələbin artması, həmçinin qeyri-OPEC ölkələrinin təkliflərinin azalması sayəsində bazardakı artıqlığın gələn rüblərdə zəifləyəcəyi ilə bağlı proqnozlar qiymətlərə müsbət təsir edəcək amillərdəndir.

Sorğulara əsasən, ABŞ ehtiyatlarındakı azalmanın 1,5-1,8 mln. barel aralığında olacağı və yekunda ehtiyatların 476 mln. barel göstəricisində qərarlaşacağı gözlənilir. Qeyd edək ki, bu, orta 5 illik göstəricidən 100 mln. barel yüksəkdir.

"Hazırda ümumi texniki mənzərə qiymətlərin yaxın gələcəkdə müsbət tendensiyalı olacağını vəd edir. Optimal qiymətlərə reaksiya olaraq ABŞ-ın hasilatı yüksəltməsi ehtimalı qısamüddətli sövdələşmələrdə iştirak edən treyderlərin narahatçılığına səbəb olmamalıdır", - O.Hansen vurğulayıb.

Son xəbərlər

Orphus sistemi