Yuxarı

“Saxo Bank": Neftin qiyməti ilin əvvəlindəki səviyyəyə qayıda bilər

Proqnoz: İlin sonunadək WTI neftinin qiyməti 53 dollar, Brentin qiyməti isə 55 dollara çata bilər

Bakı. 8 oktyabr. REPORT.AZ/ Dünya neft bazarında son günlər müşahidə olunan qiymət yüksəlişini şərtləndirən başlıca amil qeyri-OPEC ölkələrində, o cümlədən neft emalı zavodlarının xammal tələbinin mövsümi azalmasının ehtiyatlar həcminin gözlənilən artımına (və qiymətlərə mənfi təsirinə) səbəb olmadığı ABŞ-da hasilatın zəifləməsi ilə bağlı davamlı əlamətlərin müşahidə olunmasıdır.

"Report" xəbər verir ki, bunu “Saxo Bank”ın əmtəə strategiyaları bölməsinin rəhbəri Ole Hansen bu həftə uzunmüddətli qeyri-stabillikdən sonra xam neftin qiymətinin ticarət diapazonunu üstələməsini şərh edərkən bildirib.

Qeyd edək ki, bazarlarda əhvali-ruhiyyənin yaxşılaşması avqustda dörd gün ərzində müşahidə olunan qiymətlərin 30%-lik yüksəlişindən sonra başlayıb və o vaxtdan etibarən hec fondları və pul menecerləri alıcı qismində enerji bazarlarına geri dönüb.

Dünən ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) dərc etdiyi həftəlik xammal ehtiyatları hesabatında gözləniləndən daha çox, 3 mln. barel artım əks etdirilib. Ancaq bununla yanaşı Amerika Neft İnstitutunun öncəki hesabatları 1,23 mln. barel həcmində gözlənilməz azalmadan xəbər verirdi.

O.Hansen qeyd edib ki, sadalanan göstəricilər, həmçinin WTI neftinin fyuçers müqavilələri əsasında çatdırılması üçün əsas bölüşdürücü mərkəz sayılan Kuşinqdə (Oklahoma ştatı) ehtiyatların azalması hasilat həcminin zəifləməsinə işarə edir: "Bundan əlavə oktyabrın 6-da dünyanın aparıcı neft sənayesi nümayəndələrinin iştirakı ilə Londonda baş tutmuş iclasda vurğulanıb ki, ABŞ neft hasilatı "dramatik" azalmanın astanasındadır. Hasilat həcminin sürətlə azalması Səudiyyə Ərəbistanını ötən ilin noyabr ayında bazar payının qorunub saxlanması ilə qiymətlərin azalmasının tələb və təklif arasında disbalansın aradan qaldırılmasına səbəb olan qərarının düzgünlüyünə əmin edəcək".

Hazırda dünya bazarlarında qeyri-OPEC ölkələrinin hasilatının zəifləməsi və EIA-nın enerji bazarları üzrə qısamüddətli proqnozuna əsasən, gələn il son 6 ildə maksimal yüksəliş nümayiş etdirəcəyi ehtimal olunan qlobal tələbin artımı müşahidə edilir.

O qeyd edib ki, qiymətlərin azalmasına cavab olaraq dünya bazarında tələb əhəmiyyətli dərəcədə bərpa olunub, lakin təklifin tələbi üstələdiyi şəraitdə vəziyyətin normallaşdırılmasına gedən yol uzun ola bilər: "Bu ilin III rübündə maliyyə bazarlarında satışın yeni dalğasına 2016-cı ilin I rübündə İrana qarşı sanksiyaların aradan qaldırılması ilə sözügedən ölkənin ixracının artım perspektivləri səbəb olub".

"ABŞ-da neft hasilatının azalması fonunda EIA-ın gələn il qeyri-OPEC ölkələrində hasilatın 1992-ci ildən etibarən maksimal azalması proqnozu özünü doğruldarsa, bu, 2016-cı ilin II rübündə bazarın stabilləşdirilməsinə yardım edəcək. Nəticədə, qiymətlər cari ilin əvvəlində müşahidə olunan göstəricilərə qayıda bilər. Ancaq düşünürəm ki, bərpa prosesi uzunmüddətli olacaq və ilin sonunadək qiymətlər WTI nefti üçün yuxarı həddi 53 dollar/barel, “Brent” üçün isə 55 dollar/barel olmaq şərti ilə məhdud şəkildə dəyişəcək", - deyə "Saxo Bank"ın analitiki qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi