"Azərbaycan Prezidentinin 2018-ci il 4 dekabr tarixli fərmanına əsasən, sahibkarların elektrik şəbəkələrinə qoşulma proseduru 3-dən 2-yə, qoşulma müddəti isə 24 gündən 20 günə endirilib".
“Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Dövlət-Biznes Dialoqu Platforması və Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Portalının təqdimatı” mərasimində çıxış edən energetika nazirinin müavini Samir Vəliyev deyib.
S.Vəliyevin sözlərinə görə, prosedur və müddətin azaldılması ilə yanaşı, sahibkarların elektrik şəbəkəsinə müraciət imkanları daha da artırılıb, daha asan və əlçatan üsulların tətbiqinə başlanılıb:
"Azərişıq" ASC-nin elektron müraciətlərin idarəolunması sistemi daha da təkmilləşdirilib. Onun əlçatanlığı təmin edilib və bu zaman vətəndaş-məmur təması minimuma endirilib. Hətta sahibkar elektron hökumət portalı üzərindən müraciət etdikdə nəzərdə tutulan iki prosedurdan birincisi sahibkarla məmur arasında deyil, sahibkarla elektron sistem arasında baş tutur. Bu sistemin ən üstün cəhətlərindən biri də rəqəmsal sistemlərə inteqrasiya oluna bilməsidir".
Nazir müavini qeyd edib ki, sistem yük hesabatını hesablamağa imkan verən kalkulyatorla təchiz edilib: "Həmçinin sistem imkan verir ki, sahibkar əldə olunun scan olunmuş versiyasını ora yükləsin. FİN kod yaxud VÖEN-ə bağlı əmlak olduqda isə Əmlak Komitəsinin ünvan portalı vasitəsi ilə əmlakın coğrafi mövqeyi təyin olunur. Bu da bizə imkan yaradır ki, yerinə getmədən güc mərkəzi ilə obyekt arasındakı məsafəni müəyyən edək. Sahibkar elektron xəritədə ən yaxın güc mərkəzini seçir. Əgər güc mərkəzinə qədər məsafə 400 metrə qədərdisə elektron şəkildə vahid tarif qaydalarına əsasən ödəniş edilir".