​"Şahdəniz" yatağından Türkiyəyə və Gürcüstana qaz nəqlinin həcmi açıqlanıb

​"Şahdəniz" yatağından Türkiyəyə və Gürcüstana qaz nəqlinin həcmi açıqlanıb Yataqdan 7,189 mlrd. kubmetr qaz hasil edilib
Energetika
21 Oktyabr , 2015 10:47
​Şahdəniz yatağından Türkiyəyə və Gürcüstana qaz nəqlinin həcmi açıqlanıb

Bakı. 21 oktyabr. REPORT.AZ/ Bu ilin 9 ayı ərzində "Şahdəniz" yatağından 7 189,0 mln. kubmetr qaz hasil edilib.

"Report" xəbər verir ki, bu barədə energetika naziri Natiq Əliyevin "Respublika" qəzetində dərc olunmuş məqaləsində qeyd olunub.

Onun sözlərinə görə, bu həcmin 2 315,4 mln. kubmetri SOCAR-a, 4 239,9 mln. kubmetri Türkiyəyə, 519,7 mln. kubmetri Gürcüstana nəql edilib:

"Cari ilin doqquz ayı ərzində əhalini, ölkə iqtisadiyyatının müxtəlif sahələrini və ixracı təmin etmək üçün 9 728,8 mln. kubmetr proqnoza qarşı, 10 402,8 mln. kubmetr (yəni 674,0 mln. proqnozdan çox) qaz resursu yaradılıb".

Nazir, həmçinin qeyd edib ki, doqquz ay ərzində ölkədə hasil edilmiş 21,6 milyard kubmetr qazın 16,4 milyard kubmetri "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarından çıxarılıb.

O əlavə edib ki, hazırda Azərbaycanda gündə təqribən 120 min ton neft və 89 milyon kubmetr qaz hasil edilir.

Qeyd edək ki, "Şahdəniz" yatağı Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 m arasında dəyişdiyi Xəzər dənizinin şelf zonasında yerləşir.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də Azərbaycan Dövlət Neft Şirkəti və xarici şirkətlər arasında imzalanıb. 2006-cı il dekabrın 15-də "Şahdəniz" yatağından ilk qaz hasil olunub.

Hazırda yatağın işlənməsinin birinci mərhələsi üzrə hasil olunan qaz Azərbaycan bazarı üçün SOCAR-a, Gürcüstan bazarı üçün Gürcüstanın Neft və Qaz Korporasiyasına (GOGC şirkətinə), Türkiyə bazarı üçün "BOTAŞ" şirkətinə verilir.

2007-ci il mart ayından etibarən "Şahdəniz" yatağından hasil olunan təbii qaz Cənubi Qafqaz Boru Kəməri vasitəsi ilə Gürcüstana nəql olunmağa başlanıb. 2007-ci il iyulun 3-də isə "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyə sərhədlərini aşaraq, bu ölkənin qaz kəmərləri sisteminə daxil olub.

Son xəbərlər

Orphus sistemi