“Şahdəniz” yatağından qaz hasilatı 8% artıb

“Şahdəniz” yatağından qaz hasilatı 8% artıb
Energetika
3364
21 Noyabr , 2018 13:04
“Şahdəniz” yatağından qaz hasilatı 8% artıb

Bakı. 21 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından 8 mlrd. kubmetr qaz və 1,8 mln.ton (təqribən 14,3 mln. barel) kondensat hasil edilib.

“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə hesabatında bildirilib.

Bu ilin doqquz ayında “Şahdəniz” yatağından qaz hasilatının həcmi ötən ilin müvafiq dövründən 8%, kondensat hasilatının həcmi isə 5,9% çox olub.

Qeyd edilib ki, mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 43 mln. (ildə təqribən 16 mlrd.) standart kubmetrdir.

Məlumata görə, 2018-ci ilin 3-cü rübündə “Şahdəniz” “Alfa” platformasında SDA11 quyusunun üst tamamlama işləri başa çatdırılıb. “Bundan əlavə, SDA04 və SDA05 quyularında texniki bütövlüklə bağlı bəzi qazma əməliyyatları da aparılıb.

“İstiqlal” qazma qurğusu şərq cinahda SDG04 və SDG02Z quyularına tamamlayıb. “Maersk Explorer” qurğusu da şərq cinahda SDH02 quyusunda qazma əməliyyatlarını davam etdirir.

Bu iki qurğu “Şahdəniz” “Bravo” platformasından hasilat üçün artıq 14 quyu qazıb, bunlardan yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu və şərq cinahında iki quyu tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək”,- məlumatda bildirilib.

Qeyd edilib ki, “Şahdəniz 2” layihəsi təhlükəsiz şəkildə plana və büdcəyə uyğun həyata keçirilir: "İyulun 30-da yatağın şimal cinahındakı SDC03Z quyusunun ventili açılaraq “Şahdəniz” "Bravo" platformasından ilk qaz əldə olunub. Bu da ümumilikdə Xəzər dənizində sualtı quyudan çıxarılan ilk hasilat olmaqla və təhlükəsiz, büdcədən aşağı və cədvəli qabaqlayaraq həyata keçirilməklə çox mühüm bir nailiyyətdir. Hazırda “Şahdəniz” “Bravo” qurğularından qaz və kondensat Səngəçal terminalına ixrac olunmaqdadır".

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.

Layihədə BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6.7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.