Yuxarı

​"Şahdəniz" yatağından 64 mlrd. kubmetr qaz hasil olunub

SOCAR prezidenti R.Abdullayev: İşlənmənin 2-ci mərhələsində illik hasilat ən azı 16 mlrd. kubmetrə çatdırılacaq

Bakı. 21 sentyabr. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının 1-ci mərhələsi çərçivəsində indiyədək 64,1 mlrd. kubmetr qaz, 16,3 mln. ton kondensat hasil olunub. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin Neftçilər günü münasibətilə "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində qeyd olunub.

R.Abdullayev bildirib ki, istismar dövrünün başlanğıcından 2015-ci il sentyabrın 1-dək yerli və xarici bazarlara 63,5 mlrd. kubmetr qaz, 16,3 mln. ton kondensat nəql edilib: "Dəniz akvatoriyalarındakı ən iri yataqlardan sayılan “Şahdəniz”in ehtiyatları 1,2 trln. kubmetr qaz və 240 mln. tondan artıq kondensat həcmində qiymətləndirilir. Hazırda yataqda orta gündəlik hasilat 29 mln. kubmetr qaz və 6,9 min ton kondensat həcmindədir. İstismarda olan “Şahdəniz-1” mərhələsinin hasilat gücü ildə 9 mlrd. kubmetr təbii qaz təşkil edir".

"İşlənmənin 2-ci mərhələsi, “Faza-2” çərçivəsində isə yataqda illik hasilatı minimum 16 mlrd. kubmetrə çatdırmaq üçün müvafiq tədbirlər görüləcək. Belə ki, “Şahdəniz-2” layihəsi çərçivəsində iki yeni platforma inşa ediləcək, 26 quyu qazılacaq, sualtı avadanlıqlar quraşdırılacaq, Səngəçal terminalı genişləndiriləcək, eyni zamanda 500 km-lik sualtı boru kəmərləri çəkiləcək. Hazırda layihə üçün 23 ölkədən 162 avadanlıq təchizatçısı cəlb olunub, mühəndislik, tikinti və təchizat üzrə müqavilələr imzalanıb, istismar quyularından 8-nin qazması tamamlanıb", - deyə SOCAR prezidenti məqaləsində qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi