Yuxarı

"Şahdəniz" yatağında qaz və kondensat hasilatı artıb

Şahdəniz-1 üçün 4 qaz hasilatı quyusunun üst seksiyaları qazılıb

Bakı. 22 avqust. REPORT.AZ/ Bu ilin ilk yarısında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından 5,4 mlrd. kubmetr qaz və 1,3 mln. ton (təqribən 10 mln. barel) kondensat hasil edilib.

"Report" xəbər verir ki, bu barədə yatağın operatoru olan "BP-Azerbaijan" şirkətinin hesabatında qeyd olunub.

Bu ilin I yarısında ötən ilin analoji dövrü ilə müqayisədə yataqdan qaz hasilatı 3,8%, kondensat hasilatı isə 8,3% artıb.

Qeyd olunub ki, mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə 29,5 mln. kubmetr və ya ildə təqribən 10,8 mlrd. kubmetrdir.

Bu ilin ilk yarısında "Şahdəniz Mərhələ 1" üçün 4 qaz hasilatı quyusunun (SDA09, SDA10, SDA11 və SDA12) üst seksiyaları qazılıb. Hazırda SDA09 quyusunda qazma əməliyyatları davam edir.

"İstiqlal" qazma qurğusu iyunda sertifikasiya və irihəcmli yenidənqurma işlərini bitirdikdən sonra tərsanədən "Şahdəniz"in şimal cinahına yaxın dayazsulu əraziyə gətirilib. Burada yatağın şimal cinahında quyu tamamlama əməliyyatlarına başlamaq üçün qurğunun üzərində istismara vermə və hazırlıq işləri aparılır. "Heydər Əliyev" qazma qurğusu SDG02 və SDG04 quyularının 10 düymlük kəmər quyruğunadək olan seksiyalarını və həmçinin SDG03 quyusunu son dərinliyinə qədər qazıb.

Bu iki qazma qurğusu artıq ilk qazın hasilatına və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində 10 hasilat quyusu qazıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək", - deyə məlumatda qeyd olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi