Yuxarı

​"Şahdəniz" üzrə xərclər artıb

Ötən il Şahdənizdən qaz hasilatı 1% artıb, kondensat hasilatı isə 7% azalıb

Bakı. 19 fevral. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının işlənməsi layihəsi üzrə fəaliyyətə 2014-cü il ərzində təqribən 0,4 mlrd. ABŞ dolları həcmində əməliyyat xərcləri və 3,9 mlrd. dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" layihəsinə aid olub.

"Report"un BP-nin Bakı ofisinə istinadən verdiyi xəbərə görə, 2013-cü illə müqayisədə əməliyyat xərclərində 2 dəfə, əsaslı xərclərdə isə 2,3 dəfə artım qeydə alınıb.

Hesabata əsasən, 2014-cü ildə "Şahdəniz" yatağı Azərbaycan (ARDNŞ-yə), Gürcüstan (GOGC şirkəti), "BTC Co." şirkəti və Türkiyə (BOTAŞ şirkətinə) bazarları üçün qaz hasilatını davam etdirib və il ərzində yataqdan 9,9 mlrd. kubmetr qaz və 2,3 mln. ton (18,7 mln. barel) kondensat hasil edilib. Beləliklə, qaz hasilatında 1,02% artım, kondensat hasilatında isə 7,26% azalma müşahidə olunub.

Məlumatda bildirilir ki, 2014-cü ildə mövcud "Şahdəniz" qurğularının texniki olaraq daha da optimallaşdırılması hasilat sisteminin gündəlik maksimal gücünü 27,3 mln. kubmetrdən 29,5 mln. kubmetrə çatdırıb.

Qeyd edək ki, "Şahdəniz" layihəsində BP (operator – 28,8%), SOCAR (10%), Cənub Qaz Dəhlizi Upstream (6,7%), "Statoil" (15,5%), "LUKoil" (10%), NIKO (10%) və TPAO (19%) iştirak edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi