Yuxarı

"Şahdəniz 3" layihəsi Azərbaycanın qaz ixracını 15 mlrd. kubmetr artıracaq

Abşeron, Umid, Babək yataqları və AÇG blokunun dərinsulu hissəsindən əlavə 17 mlrd. kubmetr qaz ixrac etmək imkanı əldə olunacaq

Bakı. 31 avqust. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının işlənməsinin III mərhələsi çərçivəsində 2030-cu ildən sonra ildə əlavə olaraq 15 mlrd. kubmetr həcmində qaz ixracına şərait yaranacaq. “Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Gülmira Rzayeva deyib.

G.Rzayevanın sözlərinə görə, “Şahdəniz” yatağından başqa digər yataqlardan əldə edilən qazın da ixracı üçün imkanları mövcuddur: "2021-2022-ci illərdən sonra “Abşeron” yatağından 5 mlrd., “Umid” və "Babək" yataqlarından 5-7 mlrd., "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun dərinsulu hissəsindən isə 4-5 mlrd. kubmetr qaz ixrac etmək imkanı əldə edəcəyik. Həmçinin, 2030-2035-ci illərdə "Şahdəniz 3” layihəsi əlavə olaraq 15 mlrd. kubmetr qazın ixracına şərait yaradacaq”.

SAM rəsmisi deyib ki, Azərbaycanda qaza olan illik tələbat 30%-dək artacaq: “Hazırda ölkədə ən böyük qaz istifadə edən qurum “Azərenerji” ASC-dir. Dövlət siyasətində də nəzərdə tutulub ki, bu qurumun xammal kimi istifadə etdiyi məhsullarda qazın həcmi azaldılsın. Bununla yanaşı, ölkədə əhali qrupu abonentlərinin 92%-i qazla təmin edilib. Hazırda illik qaz tələbatı 10,5 mlrd. kubmetrdir, amma bu rəqəmin 2030-cu ildən sonra artaraq 13,5 mlrd. kubmetrə çatacağı gözlənilir”.

G.Rzayeva Rusiyanın “Qazprom” şirkətinin TAP kəməri vasitəsi ilə Avropaya qaz ixrac etməsinin də mümkün olduğunu deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi