“Şahdəniz-2” üzrə 92%-dən çox işlər tamamlanıb

“Şahdəniz-2” üzrə 92%-dən çox işlər tamamlanıb “Şahdəniz-2” platformasının hər iki üst modulunun tikintisi başa çatıb, hazırda istismar sınaqları sona yaxınlaşır
Energetika
10 May , 2017 12:40
“Şahdəniz-2” üzrə 92%-dən çox işlər tamamlanıb

Bakı. 10 may. REPORT.AZ/ “2017-ci ilin I rübündə “Şahdəniz Mərhələ 2” layihəsinin tikinti işləri uğurla davam edib. Hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla - ümumilikdə 92%-dən çox tamamlanıb və bu layihədən ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur”.

“Report” xəbər verir ki, bu, “BP-Azerbaijan” şirkətinin I rübün yekunları ilə bağlı məlumatında qeyd olnub.

Bildirilib ki, ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal Terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər davam edir.

“Mart ayında layihə daha bir mühüm hadisəni qeyd edib - “Şahdəniz Mərhələ 2” üçün tikilən platformalardan ikincisinin də dayaq bloku Bakı Dərin Özüllər Zavodundan dənizdə quraşdırılmaq üçün yola salınıb. Yaşayış Blokları və Texnoloji Təchizat platformasının dayaq bloku Zavoddan yola çıxaraq Xəzər dənizindəki “Şahdəniz” müqavilə sahəsində uğurla suya salınıb və quraşdırılıb. Payaların quraşdırılması və son tamamlanma işləri isə hələ davam edir. Sualtı tikinti işləri üçün nəzərdə tutulmuş “Xənkəndi” gəmisinin tikintisi və istismar sınaqları Bakı Gəmiqayırma Zavodunda uğurla davam edir. Gəminin 900 ton gücündə olan əsas kranı bu yaxınlarda yükqaldırma sınağından uğurla keçib. Gəmi 2017-ci ilin yayında zavodun yanalma körpüsündən dəniz sınaqlarına yola salınacaq ki, bu da “Şahdəniz Mərhələ 2” layihəsi çərçivəsində başa çatdırılmış ən iri işlərdən biri olacaq”, - deyə məlumatda qeyd olunub.

Məlumata görə, ATA tikinti-quraşdırma sahəsində “Şahdəniz 2” platformasının hər iki üst modulunun tikintisi başa çatıb, hazırda istismar sınaqları sona yaxınlaşır. Bu modulların dənizə yola salınması və quraşdırılması 2017-ci ilin yayına planlaşdırılır.

Dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında “Şahdəniz 2”-dən əldə ediləcək əlavə qaz həcmlərini emal etmək üçün genişləndirmə işləri irəliləyir. Ümumilikdə, “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə tikinti işlərinin ən qızğın vaxtlarında Azərbaycanda 24 mindən çox insan bütün əsas müqavilələr üzrə işlərə cəlb olunmuşdur ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşları olub.

Son xəbərlər

Orphus sistemi