Bakı. 24 oktyabr. REPORT.AZ/ Rusiyanın energetika naziri Aleksandr Novak neft hasil edən ölkələrin neft hasilatının müəyyən səviyyədə saxlaması üçün razılığa gələ biləcəyinə əmindir. “Report”un “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, hazırda ölkələr üçün kvotanın müəyyənləşməsinə baxılır.
A.Novak qeyd edib ki, paralel olaraq bu addıma qeyri-OPEC ölkələrinin də qoşulması təklif olunur və nəhəng ixracatçı olan bu ölkələrin də qoşulması üçün danışıqlar aparılır.
“Rusiya da burada iştirak edir, eyni zamanda, bu mexanizmin parametrləri və detalları üzərində müzakirələr aparılır. Mən inanıram ki, razılığa gələ biləcəyik”, - deyə nazir əlavə edib.
Qeyd edək ki, A.Novak bu gün Vyanada OPEC-in baş katibi Məhəmməd Barkindo ilə görüşüb.
Sentybarın sonunda Əlcəzairdə OPEC ölkələrinin qeyri-rəsmi görüşündə neft hasilatının 32,5-33 mln. barel/gün səviyyəsində saxlanması razılaşdırılıb, lakin hər ölkə üçün konkret limit hələ müəyyənləşdirilməyib. Yekun qərarın OPEC-in noybarın 30-da Vyanada keçiriləcək növbəti iclasında qəbul olunacağı gözlənilir.