Rusiyalı nazir: "Neft bazarı hələ də kövrəkdir"

Rusiyalı nazir: "Neft bazarı hələ də kövrəkdir" Dünya neft bazarı hələ də kövrək vəziyyətdədir, qeyri-müəyyənliyin bundan sonra da davam olunmasını istisna etmək olmaz.
Energetika
19 Avqust , 2020 20:50
Rusiyalı nazir: Neft bazarı hələ də kövrəkdir

"Dünya neft bazarı hələ də kövrək vəziyyətdədir, qeyri-müəyyənliyin bundan sonra da davam edəcəyini istisna etmək olmaz".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya energetika naziri Aleksandr Novak OPEC+ Birgə Nazirlər Monitorinq Komitəsinin iclası ərəfəsində bildirib.

“Bərpa prosesinin çətin getdiyini, dünya iqtisadiyyatının, dünya neft istehlakının böhrandan əvvəlki vəziyyətə qayıtmasını əngəlləyən çoxlu müəmmalar olduğunu görürük. Hazırda bazarın hələ də xeyli kövrək olduğunu da görürük, qarşımızda hələ də qeyri-müəyyənliklər çoxdur”, - rusiyalı nazir qeyd edib.

Neft hasilatının ixtisarına dair OPEC+ formatı çərçivəsində əldə edilmiş razılaşmanın iyul ayında 95 faiz səviyyəsində yerinə yetirildiyini, bunun layiqli göstərici olduğunu dilə gətirən A.Novak bu razılaşmaya tam həcmdə əməl etməyin zəruri olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, OPEC+ Müştərək Texniki Komitəsinin hesabatına görə iyul ayında hasilatın ixtisarı razılaşması çərçivəsindəki öhdəliklərini Qabon 3 faiz, Konqo 54 faiz, Ekvator Qvineyası 66 faiz, İraq və Nigeriya 85 faiz, bunun müqabilində Səudiyyə Ərəbistanı 103 faiz, Küveyt 101 faiz səviyəsində yerinə yetirib. Bütövlükdə qeyri-OPEC ölkələri öz öhdəliklərini iyundakı 98 faizə qarşı iyulda 96 faiz həcmində icra ediblər.

Hasilatın ixtisarına dair öhdəliklərinin yerinə yetirilməsi məsələsi Birgə Nazirlər Monitorinq Komitəsinin bu günkü iclasında gündəliyin başlıca maddələri içində olacaq.

Xatırladaq ki, OPEC+ formatı çərçivəsində may ayından qüvvəyə minmiş neft hasilatının ixtisarına dair yeni razılaşmaya görə iyul ayının sonunadək gündəlik hasilat 9,7 milyon barel, avqust ayından dekabr ayınadək 7,7 milyon barel azaldılıb.

Son xəbərlər

Orphus sistemi