Bakı. 24 yanvar. REPORT.AZ/ "Venesuelada hökumətlə parlament arasındakı qarşıdurma həllini tapmayınca neft bazarlarında mühüm dəyişikliklər baş verməyəcək".
Bunu “Report”a Rusiyanın Energetika və Maliyyə İnstitutunun İqtisadiyyat departamentinin rəhbəri Marsel Salehov deyib.
O, sözügedən ölkədə hökumətin dəyişdirilməsi ehtimalı ortaya çıxdığına görə dövlət istiqrazlarının bahalaşdığını, neftin isə ucuzlaşdığını qeyd edib: “Məncə, yalnız hökumət müxalifətə qarşı sərt tədbirlərə əl atsa, parlament sədri Xuan Quaydonu həbs etsə, ABŞ üzdə bəhanə əldə edərək embarqo tətbiq edər”.
Ekspert həmçinin hazırda Venesuelanın gündəlik 1 milyon barelə yaxın neft ixrac etdiyini, bunun yarısına qədərinin ABŞ-ın payına düşdüyünü qeyd edib: "ABŞ üçün Venesuela neftinin ixracı əhəmiyyətlidir, çünki orada ağır neft çıxarılır. Məncə, embarqo tətbiq edilərsə, Çin Venesueladan neft idxalına davam edəcək, ABŞ isə, əsasən, Kanada neftinə üz tutmalı olacaq".
Rusiyalı iqtisadçı həmçinin Venesueladakı neft hasilatının kəskin azalması üzündən, üstəlik, Rusiyaya və Çinə də xeyli ixracat olduğu nəticəsində sərbəst neft ehtiyatlarının tükənmək üzrə olduğunu da dilə gətirib.
Qeyd edək ki, Venesueladakı hiperinflasiya, iqtisadi və siyasi böhran səbəbindən neft hasilatı uzun illərin minimum səviyyəsinə enərək azalmağa davam edir. Ölkənin bir sıra neftayırma müəssisələri fəaliyyətini qismən və ya tamamilə dayandırıb.
Xatırladaq ki, ötən gün Venesuela Milli Assambleyasının sədri, müxalifət lideri, 35 yaşlı Xuan Quaydo paytaxt Karakasdakı mitinq zamanı özünü dövlət başçısı əvəzi elan edib. ABŞ, habelə Nikolas Maduronun Prezidentliyini qanunsuz hesab edən bir sıra başqa ölkələr artıq X.Quaydonu Prezident səlahiyyətlərini həyata keçirən şəxs kimi tanıdıqlarını açıqlayıblar.