Rusiya oktyabrda gündəlik neft hasilatını yeni rekord həddə çatdırıb

Rusiya oktyabrda gündəlik neft hasilatını yeni rekord həddə çatdırıb Rusiyanın neft ixracı isə 5,5 mln. barel/gün təşkil edib
Energetika
2 Noyabr , 2016 13:25
Rusiya oktyabrda gündəlik neft hasilatını yeni rekord həddə çatdırıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Rusiyanın orta gündəlik neft hasilatı oktyabr ayında illik müqayisədə 3,9%, aylıq müqayisədə isə 1% artaraq 11,204 mln. barelə çatıb. "Report", "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu məlumat Yanacaq-Energetika Kompleksi Mərkəzi Dispetçer İdarəsi tərəfindən verilib.

Qeyd edək ki, bununla da Rusiyada neft hasilatı sentyabrdakı 11,11 mln. barel/gün olan rekordunu təzələyib. "Bloomberg" agentliyinin məlumatına görə, Rusiyada neft hasilatı sentyabrda son 25 ildə ilk dəfə olaraq 11 mln. barel/gün həddini ötüb.

Xatırladaq ki, Rusiyanın oktyabr ayında neft ixracı illik müqayisədə 1,8% artım, aylıq müqayisədə isə 0,8% azalma göstərərək 5,551 mln. barel/gün təşkil edib.

Dünən "Reuters" agentliyi OPEC ölkələri üzrə oktyabrda neft hasilatının (33,82 mln. barel) rekord həddə çatması barədə xəbər yayıb. "Report"un analitik qrupu hesab edir ki, noyabrın 30-da Vyanada keçiriləcək OPEC-in sammitində neft hasilatının dondurulmasına dair qərar qəbul olunarsa, bu, hazırkı hasilat səviyyəsi ilə neft bazarında təklifin tələbi kifayət qədər üstələməsinə gətirib çıxaracaq və neft qiymətlərinin kəskin azalmasına səbəb olacaq.

Son xəbərlər

Orphus sistemi