Bakı. 3 yanvar. REPORT.AZ/ Rusiya neft istehsalını postsovet dövründəki rekord həddə çatdırıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Rusiya Enerji Nazirliyindən verilən məlumata görə, 2014-cü ildə gündəlik neft istehsalı 10,58 milyon barel olub.
Rusiyanın ən yüksək neft istehsalı isə 1988-ci ilə düşüb ki, həmin vaxt Rusiyada gündə 11,41 mln. barel neft istehsal olunub. Amma 1991-ci ildə bu hasilat 19% azalaraq 9,24 mln. barelə bərabər olub.
Putin hakimiyyətə gəldikdən sonra Rusiyada hasilat getdikcə artmağa başlayıb və qiymətlərdə də yüksəliş olub. Belə ki, 1998-ci ildə Rusiya nefti 8 dollar idisə, 2004-cü ildə 40, 2008-ci ildə isə 127 dollar olub. Təxminən 6 il öncə, yəni 2009-cu ildə Rusiya artıq hər gün 10 mln. barel neft hasil edirdi ki, bu zaman da neftin qiyməti ucuzlaşaraq 35 dollar olub.
2010-cu ildə Rusiya Vankor, Talakan ve Uvat ərazilərində də neft hasil etməklə dünyanın ən böyük neft istehsalçısı sırasında Səudiyyə Ərəbistanını keçərək birinci yerə çıxıb.
Bununla yanaşı, Rusiyanın təbii qaz hasilatında azalma müşahidə edilib. Belə ki, 2014-cü ildə Rusiyada təbii qaz istehsalı 4,2% azalaraq 640 mlrd. kub metrə düşüb.
Mütəxəssislər rəsmi Moskvanın büdcə kəsirinin yarandığını və 2015-ci ildə neftin qiymətinin bu şəkildə qalarsa, onu 4-5%-lik geriləmə gözlədiyini deyiblər.