Bakı. 15 yanvar. REPORT.AZ/ Yanvarın sonları - fevralın əvvəllərində AGRI (Azerbaijan-Georgia-Romanian Interconnector) layihəsinin səhmdarlarının ümumi yığıncağı keçiriləcək, həmin yığıncaqda layihə üzrə qərar qəbul ediləcək. "Report" xəbər verir ki, bu barədə jurnalistlərə Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çobanu məlumat verib.
O, xatırladıb ki, Britaniyanın "Penspen" mühəndislik şirkəti AGRI səhmdarlarına layihənin texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) son variantını təqdim edib.
"Layihə inkişaf edir. Layihədə iştirak edən ölkələr onu dəstəkləyir, artıq layihənin siyasi dəstəyi var", - səfir bildirib.
Xatırladaq ki, AGRI layihəsi üzrə TİƏ-nin son variantı ötən ilin dekabr ayında AGRI LNG Direktorlar Şurasının görüşündə müzakirə olunub və onun səhmdarların ümumi yığıncağında müzakirəsi tövsiyə olunub.
AGRI layihəsi Azərbaycan qazının Gürcüstanın Qara dəniz sahillərindəki qaz boru kəməri ilə nəqlini nəzərdə tutur. Burada həmin qaz xüsusi terminallarda mayeləşdirilərək, tankerlərlə Rumıniyanın Konstanta limanındakı terminallara göndəriləcək. Bundan sonra o, yenidən qaz vəziyyətinə salınaraq, ölkə ərazisindəki qaz infrastrukturu ilə Rumıniya və digər Avropa ölkələrinə göndəriləcək.
İlkin hesablamalara görə, layihənin həyata keçirilməsi terminalların gücündən asılı olaraq, 1,2 mlrd avrodan 4,5 mlrd. avroya qədər başa gələcək.