Yuxarı

​Rövnəq Abdullayev: "Türkiyə-Azərbaycan qaz sazişini reviziya etməyə ehtiyac yoxdur"

Azərbaycan 2007-ci ildə reviziya haqqından istifadə edərək qiymətlərin bazar şərtlərinə uyğunlaşdırılmasına nail olub

Bakı. 10 noyabr. REPORT.AZ/ Hazırda Azərbaycanla Türkiyə arasında həyata keçirilən qaz satışının şərtlərinin dəyişdirilməsi gözlənilmir. "Report" xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayev qeyd edib ki, qaz satışı müqaviləsində Türkiyə tərəfinin də, Azərbaycan tərəfinin də sənədi reviziya etmək hüququ var: "Lakin hələ ki, buna ehtiyac yoxdur".

"Qaz müqavilələri uzunmüddətli strategiyaya əsaslanır və ən azı 25 il müddətinə imzalanır. Belə müqavilələrin şərtlərinə görə, müəyyən dövrlərdə reviziya deyilən haqq istifadə oluna bilər. Bazar şərtləri dəyişəndə və yaxud digər proseslər baş verəndə bir tərəf o biri tərəfə müraciət edir ki, müqavilədə müəyyən reviziya edilsin. Türkiyə və Azərbaycan arasındakı qaz sazişi də belədir. 2007-ci ildə Azərbaycan reviziya haqqından istifadə edərək qiymətlərdə dəyişiklik etmək üçün müraciət edib. Türkiyə tərəfi də bunu müsbət qarşılayıb və qiyməti bazar şərtlərinə uyğunlaşdırdıq. Hazırda belə haqdan istifadə üçün ehtiyac görmürəm", - deyə SOCAR rəhbəri əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi