Yuxarı

​Rövnəq Abdullayev: "SOCAR Energy Greece" tam qurulduqdan sonra daha yaxşı iş imkanlarımız olacaq"

Azərbaycan Dövlət Neft Şirkəti Afinada ofis açmağı planlaşdırır

Bakı. 25 noyabr. REPORT.AZ/ Neft-qaz sektorunun əsas oyunçularından olan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizində qaz yataqları ilə bağlı kəşfiyyat araşdırmaları aparır. Hazırda SOCAR dünyanın 25 şirkəti ilə birgə Xəzər bölgəsində neft və qaz layihələrinin işlənməsində iştirak edir. "Report"un məlumatına görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev Yunanıstanın "Bridging Europe" nəşrinə verdiyi müsahibədə bildirib.

R.Abdullayevin sözlərinə görə, Yunanıstanla münasibətlər sürətlə inkişaf edir və bu münasibətlərin nəticəsi olaraq, SOCAR Afinada ofis açmağı planlaşdırır: "Yunanıstanla münasibətlərimiz getdikcə genişlənir. Biz Yunanıstanın Dövlət Qaz Operatorunu (DESFA) almaq istəyirik. Artıq DESFA ilə bağlı məsələlər Avropa İttifaqında müzakirə edilir. Digər tərəfdən də Yunanıstan TAP layihəsi ölkələrindən biridir və bu layihənin gerçəkləşməsində mərkəz rolunu oynayır. Yunanıstanla münasibətlərimizin inkişafının nəticəsi olaraq, Afinada ölkə ofisi açmağa qərar vermişik. Hesab edirəm ki, "SOCAR Energy Greece" tamamilə qurulduqdan sonra bizim daha yaxşı iş imkanlarımız olacaq".

Cənub Qaz Dəhlizi ilə bağlı fikirlərini bölüşən SOCAR prezidenti deyib ki, bu layihənin 45 mlrd. dollar dəyəri var və zəncirvari olaraq 7 Avropa ölkəsindən keçəcək: "SOCAR meqalayihələrə imza atmağa davam edir və Cənub Qaz Dəhlizi 7 ölkənin ərazisindən keçəcək ki, bunun reallaşmasında 12 investisiya şirkəti iştirak edəcək. Ümumi dəyəri 45 mlrd. dollar olacaq layihənin reallaşması üçün 6 tənzimləyici sistem və 12 qaz alıcı şirkət məşğul olacaq".

Şirkətin ekoloji məsələlərə də böyük önəm verdiyini deyən R.Abdullayev bu günə qədər 574 mindən çox ağac əkildiyini deyib: "Dünya sənayesində ən önəmli problemlər sırasında ekoloji problemlər də durur. Biz bu baxımdan ekoloji məsələlərə üstünlük veririk. SOCAR-ın 3 il öncə eko-park adı ilə başladığı layihə nəticəsində ümumilikdə 400 hektar ərazidə 574 434 ağac, kol və çiçək əkilib".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi