Yuxarı

​Rövnəq Abdullayev: Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq heç bir layihə gecikdirilmir

 Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirlməsi üçün böyük işlər görülür

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, neftçilər böyük işlər görürlər. Ötən ilin bu günü təməli qoyulan "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi üçün böyük işlər görülür".

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Neftçilər günü münasibətilə keçirilən bayram tədbirində çıxışı zamanı bildirib.

O qeyd edib ki, bu gün dünyanın ən böyük layihəsi həyata keçirilir:

"3500 km. uzunluğundakı 6 dövlətin ərazisindən keçən boru kəməri layihəsində bütün işlər proqrama uyğun aparılır. Azərbaycanda, Gürcüstanda layihə çərçivəsində işlər sürətlə həyata keçirilir, boruların qaynaq işi aparılır, Azərbaycanda 10 minə yaxın iş yeri açılıb. Türkiyədə həyata keçirilən TANAP layihəsində qrafikdən də irəli işlər görülür. Orada da on minlərlə insan çalışır. Avropada TAP layihəsində də işlər uğurla davam etdirilir".

SOCAR prezidenti bildirib ki, bu işlər nəticəsində Azərbaycan qazı Türkiyəyə 2018-ci ilin birinci yarısında, Avropaya isə 2019-cu ilin sonunda nəql ediləcək. Onun sözlərinə görə, dövlətin qarşıya qoyduğu proqram həyata keçirilir.

"Qiymətlərin aşağı düşməsinə baxmayaraq, biz layihələrimizi gecikdirmirik. SOCAR-ın həyata keçirdiyi Neft-Qaz Emalı və Neft Kimya Kompleksinin tikintisi üçün işlər aparılır. Neft emalı zavodlarının modernizasiyasına ilin sonunda başlanılacaq. Modernizasiya ilə neft emalını 7,5 milyon tona çatdıracağıq. Karbamid zavodunun tikintisi gedir. Maliyyə çətinliyi olan vaxtda SOCAR Polimer zavodu layihəsini həyata keçirir. 2017-ci ildə polietilen, polipropilen istehsal edən müəssisə işə salınacaq. Çətin dövrə baxmayaraq layihələrimizi davam etdiririk", - deyə o əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi