Yuxarı

Rövnəq Abdullayev: “Əməyin təhlükəsizliyi, işçilərin sağlamlığının qorunması bizim üçün əsas prioritetdir”

“Əsas aktivimiz insanlarımızdır”

Bakı. 28 aprel. REPORT.AZ/ “Azərbaycan indi həm etibarlı neft təchizatçısı, həm də zəngin alternativ təbii qaz mənbəyi kimi dünya birliyinin diqqət mərkəzindədir. Ölkə iqtisadiyyatının aparıcı qüvvəsi olan neft-qaz sənayesinin bütün nailiyyətləri xalqın daha yaxşı yaşamasına xidmət edir”. “Report” xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “Əməyin mühafizəsində önləyici tədbirlərin mədəniyyətini birgə yüksəldək” mövzusunda keçirilən tədbirdəki çıxışında deyib.

O bildirib ki, hazırda Azərbaycanda əməyin mühafizəsinə xüsusi diqqət yetirilir: “SOCAR bu gün neft sənayesinin varisi kimi respublikanın quru və dəniz sahələrində müxtəlif növlü mürəkkəb texnoloji əməliyyatlar həyata keçirir. Şirkət ölkənin strateji inkişafı üçün həyati əhəmiyyətə malik dövlət qurumlarından biridir. SOCAR-ın beynəlxalq miqyaslı modern, çevik, rəqabətədavamlı şirkətə çevrilməsi üçün fəaliyyətimizi şaxələndirir, xaricdə aktivlər alır, şirkətin iştirak coğrafiyasını genişləndiririk. Bununla belə, əsas aktivimiz insanlarımızdır. Ona görə də əməyin təhlükəsizliyi, işçilərin sağlamlığının qorunması bizim üçün əsas prioritetdir. Bu istiqamətdə bütün zəruri tədbirlər görülür”.

R.Abdullayev əlavə edib ki, istehsalat sahələrinin, binaların, iş yerlərinin müasir standartlara uyğun səviyyədə yenidən qurulması sahəsində böyük uğurlar var və bu işlər müntəzəm olaraq davam etdirilir: “Şirkətin tərkibində son dövrdə istifadəyə verilən “Azərkimya” İB-nin istehsalat sahələrində aparılan yenidənqurma işləri çərçivəsində təhlükəsizlik tələblərinə cavab verməyən qurğu və avadanlıqlar yenilənib, müasir tələblərə uyğunlaşdırılıb və bu gün orada beynəlxalq standartların tələblərinə uyğun tam təhlükəsiz iş şəraiti yaradılıb”.

“Hər hansı bir işə, əməliyyata başlamazdan əvvəl qabaqlayıcı tədbirlərin həyata keçirilməsi - risklərin qiymətləndirilməsi, onların ləğv edilməsi və ya minimuma endirilməsi, işçilərin təlimatlandırılması, təhlükəli işlərin xüsusi buraxılış əsasında, məsul mühəndis texniki işçilərin rəhbərliyi altında həyata keçirilməsi bədbəxt hadisələrin və qəzaların qarşısının alınmasında çox vacib şərtlərdəndir” - deyən R.Abdullayev vurğulayıb ki, bu işlər SOCAR-da hamılıqla və çox məsuliyyətlə aparılır: “Profilaktik tədbirlərin görülməsi məqsədilə idarə və müəssisələrdə əməkdaşların həyat və sağlamlığına zərər vura biləcək peşə riskləri və onlardan mühafizə qaydaları müəyyənləşdirilib. Hər bir əməkçinin bu qaydalara dərindən bələd olması üçün fərdi iş üsulları tətbiq olunur. Görülən tədbirlər öz bəhrəsini verir. Fəhlə və qulluqçular tərəfindən təhlükəsizlik tələblərinə, əmək və istehsalat intizamı qaydalarına riayət olunması istiqamətində müsbət nəticələr əldə edilib”.

O, həmçinin qeyd edib ki, işçilərin, xüsusilə dəniz neftçilərinin təhlükəsiz və rahat daşınmasını həyata keçirmək məqsədilə müvafiq dövlət qurumları ilə mütəmadi iş aparılır: “Eyni zamanda neftçilərin sağlamlığının qorunması və onlara yüksəkkeyfiyyətli tibbi xidmət göstərilməsi məqsədilə 2012-ci ildən şirkətdə tibbi sığorta proqramı həyata keçirilir.

Lakin nəzərə almalıyıq ki, SOCAR bir çox dəniz yataqlarında istismar müddətini başa vurmaqda olan estakadalarda, estakadayanı meydançalarda, platformalarda, müxtəlif texnoloji qurğularda da işlər aparır. Bu isə bəzən bizi müəyyən gözlənilməz problemlərlə qarşılaşdırır. Belə bir hadisə keçən il baş verib. Belə ki, Nəriman Nərimanov adına NQÇİ-də qəzalı vəziyyətdə olan və üzərində istehsalat işləri aparılmayan, istifadə olunmayan estakadanın uçması nəticəsində insanlar həlak olmuş, xəsarət almışdılar. Belə qurğuların tədricən istismardan çıxarılması və yeniləri ilə əvəz olunması sahəsində SOCAR-da müntəzəm olaraq işlər gedir”.

SOCAR prezidenti onu da qeyd edib ki, dənizdə qazma və istismar işlərini həyata keçirmək məqsədilə bütün təhlükəsizlik tələbləri nəzərə alınmaqla yeni dəniz özülləri tikilir, yeni estakadalar çəkilir, köhnədən istifadədə olan, korroziya nəticəsində davamlılığı azalan özül, estakada və meydançalarda əsaslı təmir işləri aparılaraq onlar tam təhlükəsiz vəziyyətə gətirilir: “Əməyin təhlükəsizliyi istiqamətində fəaliyyətimiz bundan sonra da davamlı olacaq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi