​Rövnəq Abdullayev Böyük Britaniya baş nazirinin ticarət elçisi ilə görüşüb

​Rövnəq Abdullayev Böyük Britaniya baş nazirinin ticarət elçisi ilə görüşüb Professor Çarlz Hendri qısa müddətdə Bakıda mühüm dəyişikliklər baş verdiyini dilə gətirib
Energetika
3 Dekabr , 2014 19:24
​Rövnəq Abdullayev Böyük Britaniya baş nazirinin ticarət elçisi ilə görüşüb

Bakı. 3 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Böyük Britaniya Baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə ticarət elçisi, parlamentin üzvü Çarlz Hendrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə "Report"a ARDNŞ-nin mətbuat xidmətindən məlumat verilib.

R.Abdullayev qonağa Avropanın enerji təhlükəsizliyində Azərbaycanın getdikcə daha mühüm yer tutduğunu və bu istiqamətdə həyata keçirilən layihələr sırasında Cənub Qaz Dəhlizinin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Azərbaycana hər səfərinin onun üçün şərəf olduğunu söyləyən professor Ç.Hendri qısa müddətdə Bakıda mühüm dəyişikliklər baş verdiyini dilə gətirib.

Ç.Hendri Böyük Britaniyanın Azərbaycan enerji sektoruna, xüsusilə də ARDNŞ ilə əməkdaşlığa böyük maraq göstərdiyini, BP və digər İngiltərə şirkətlərinin Azərbaycandakı fəaliyyətlərinə böyük önəm verdiyini vurğulayıb, Azərbaycanın 2003-cü ildən etibarən Böyük Britaniyanın baş naziri tərəfindən irəli sürülmüş "Təbii Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü"nə qoşulduğunu qeyd edib, bu istiqamətdə SOCAR tərəfindən atılan addımları yüksək qiymətləndirib.

R.Abdullayev BP şirkəti ilə birlikdə həyata keçirilən böyük layihələrdən söz açıb, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda hasilatın artırılması istiqamətində, həmçinin “Şəfəq-Asiman” perspektiv strukturunda seysmik tədqiqat sahəsində işlərin sürətləndiyini nəzərə çatdırıb. Qlobal əhəmiyyətli Cənub Qaz Dəhlizinin önəmini xüsusi qeyd edən ARDNŞ-nin prezidenti bu layihənin əsas elementləri olan “Şahdəniz-2” və TANAP layihələrində BP şirkətinin SOCAR-la birlikdə regionun və bütünlükdə Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verəcəyini deyib. O, layihənin qrafikə uyğun olaraq davam etdiyini, bu sahədə heç bir problemin olmadığını bildirib.

Qonaq bu gün Bakı Ali Neft Məktəbində professor-müəllim və tələbə heyəti ilə görüş keçirdiyini, bu ali məktəbin Britaniya universitetləri ilə yaxın əlaqələr qurduğunu və münasibətlərin daha da genişləndiyini qeyd edib.

Görüşdə Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlıq imkanlarının böyük olması və bu imkanlardan istifadə etmək üçün hər iki tərəfin səy göstərdiyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi