​Rövnəq Abdullayev: "Bakı-Novorossiysk kəməri ilə neftin nəqli gələn il eyni həcmdə qalacaq"

​Rövnəq Abdullayev: "Bakı-Novorossiysk kəməri ilə neftin nəqli gələn il eyni həcmdə qalacaq" Azərbaycan gələn il Rusiya ərazisi ilə 1,5 mln. ton neft ixrac edəcək
Energetika
29 Oktyabr , 2015 13:55
​Rövnəq Abdullayev: Bakı-Novorossiysk kəməri ilə neftin nəqli gələn il eyni həcmdə qalacaq

Bakı. 29 oktyabr. REPORT.AZ/ Bakı-Novorossiysk neft kəməri ilə Azərbaycan neftinin nəqli 2016-cı ildə də davam etdiriləcək. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayev qeyd edib ki, bu boru kəmərinin istifadəsi vacibdir: "Bu kəmər iqtisadi cəhətdən daha çox üçüncü alternativ marşrutun saxlanması baxımından vacibdir. Bu xəttə bizim neftin verilməsi qarşı tərəf üçün də vacibdir".

R.Abdullayev bildirib ki, gələn il Novorossiysk limanından eyni həcmdə, yəni 1,5 mln. ton neft ixrac olunacaq.

Qeyd edək ki, Bakı-Novorossiysk neft kəməri xam neftin Şimal istiqamətində nəqli üçün inşa olunub. Bu kəmərlə xam neft Qara dənizin Novorossiysk limanına Rusiya ərazisindən keçməklə nəql olunur.

Azərbaycan neftinin Rusiya ərazisindən keçməklə Novorossiysk limanına nəql olunması haqqında müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. Borunun neftlə doldurulmasına 1996-cı ilin oktyabrında başlanılıb. Kəmərlə ilk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.

Bu kəmərin ümumi uzunluğu 1 330 km, diametri 530 mm-dir. SOCAR kəmərin 231 km uzunluğunda olan Azərbaycan ərazisi ilə keçən hissəsinin operatorudur. Kəmərin maksimum ötürmə qabiliyyəti gündə 105 min bareldir. Kəmərin ölçmə stansiyası Şirvanovkada yerləşir.

Rusiyanın baş naziri Dmitri Medvedev 2013-cü ilin may ayında Azərbaycan neftinin Bakı-Novorosiysk kəməri ilə Rusiya ərazisindən tranziti haqqında 1996-cı ildən qüvvədə olan müqavilənin ləğvinə dair sərəncam imzalayıb.

2014-cü il fevralın 18-də isə SOCAR ilə Rusiyanın “Transneft” şirkəti arasında qarşılıqlı faydalı kommersiya şərtləri əsasında yeni müqavilə imzalanıb. SOCAR və "Transneft" Azərbaycan neftinin Bakı-Novorossiysk boru kəməri ilə nəqli haqqında müqaviləni 2015-ci ilin sonuna kimi uzadıb.

Son xəbərlər

Orphus sistemi