​"Rosneft"in 20%-i Çin və Hindistana satılır

​"Rosneft"in 20%-i Çin və Hindistana satılır Səhm zərfinin satış qiyməti 11 mlrd. dollar həcmində qiymətləndirilir
Energetika
20 İyun , 2016 10:47
​Rosneftin 20%-i Çin və Hindistana satılır

Bakı. 20 iyun. REPORT.AZ/ Rusiya hökuməti "Rosneft" şirkətinin səhmlərinin 19,5%-i Çin və Hindistana satılması təklifini nəzərdən keçirir. "Report"un "Bloomberg"ə istinadən verdiyi xəbərə görə, səhmlərin dəyəri ən az 11 mlrd. ABŞ dolları təşkil edəcək. Çin və Hindistan daha öncə "Rosneft"də pay almaq istədiyini bildirsə də, bu ölkələr əməliyyatda birgə hərəkət edəcəyini bildirməyib. Rusiya tərəfi alqı-satqı əməliyyatının uğurla həyata keçəcəyinə inandığını bildirib.

Qeyd edək ki, "Rosneft" dünyanın ən çox neft hasil edən şirkətidir və səhmlərinin 69,5%-i Rusiya dövlətinə məxsusdur. 2012-ci ilin göstəricilərinə əsasən, 170 min işçisi var. 2014-cü ilin yekununda "Fortune Global" siyahısında "Rosneft" 46-cı sırada yer alıb. 2013-cü ildə "THK-BP" şirkətini aldıqdan sonra "Rosneft"in kapitallaşması 96 mlrd. ABŞ dollarına yüksəlib. Nəticədə, şirkətin borc yükü də artıb və 2014-cü ilin yanvarında kapitallşama 25% azalaraq 75,78 mlrd. dollara enib. 2014-cü il yekununda isə "Rosneft"in kapitallaşması daha 38% azalaraq 50 mlrd. dollara çatıb ki, bu da 2013-cü ildə 55 mlrd. dollara aldığı "THK-BP" şirkətinin qiymətindən də azdır. Hazırda şirkətin borcu 60 mlrd. dollar təşkil edir. Son maliyyə böhranı nəticəsində Rusiya rublunun devalvasiyası "Rosneft"in kapitallaşmasını 35,6 mlrd. dollara kimi azaldıb.

Son xəbərlər

Orphus sistemi