Bakı. 22 avqust. REPORT.AZ/ Rusiyanın aparıcı neft-qaz şirkəti “Rosneft” 2018-ci ilin I yarısının maliyyə nəticələrini açıqlayıb.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, şirkət yanvar-iyun aylarında, təxminən, 309 mlrd. rubl və yaxud hazırkı məzənnə ilə, təxminən, 4,6 mlrd. ABŞ dolları mənfəət əldə edib.
“Rosneft” ötən il qəbul etdiyi qərara uyğun olaraq, mənfəətinin 50%-ni səhmdarlarına dividend kimi ödəyəcək.
Xatırladaq ki, neft-qaz nəhənginin nizamnamə kapitalı 105 981 778,17 rubldur. Bu məbləğ hər birinin nominal dəyəri 0,01 rubl olan 10 598 177 817 ədəd səhm əsasında formalaşıb. Şirkət dividend ödənişinə 154,5 mlrd. rubl yönəldəcək ki, bu da hər səhmə 14,58 rubl (0,22 dollar) dividend deməkdir.
“Rosneft” mənfəətinin məbləğini və dividendlə bağlı qərarını açıqladıqdan sonra fond birjalarında onun səhmləri 1,6% bahalaşıb.