Rəy: ​Neftin bahalaşması dolların ucuzlaşması ilə bağlıdır

Rəy: ​Neftin bahalaşması dolların ucuzlaşması ilə bağlıdır "Report": "Brent" markalı neftin qiyməti 55 dollar/barelə qədər arta bilər
Energetika
5 Fevral , 2016 15:39
Rəy: ​Neftin bahalaşması dolların ucuzlaşması ilə bağlıdır

Bakı. 5 fevral. REPORT.AZ/ Dünya bazarında neft ("Brent") qiymətləri son iki həftə ərzində 30% artaraq 35 dollar/barelə çatıb. "Report" xəbər verir ki, neftin qiymətinin artması dolların məzənnəsinin kəskin azalması ilə bağlıdır. Belə ki, avronun dollara qarşı məzənnəsi son üç gündə 3%-ə yaxın artaraq 1,12 USD/EUR səviyyəsini ötüb. Bu da öz növbəsində dollar indeksini (U.S. Dollar İndex) 1,7% azalaraq noyabrdan etibarən ən minimal səviyyəyə çatmasına səbəb olub. 

Qeyd edək ki, bu indeks dolların dünyanın əsas valyutalarından ibarət səbətinə qarşı cari qiymətini əks etdirir. Dolların valyuta bazarında məzənnəsinin azalmasına Nyu-York Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Uilyam Dadlinin ABŞ-ın maliyyə vəziyyətinin pisləşməsi barədə bəyanatı səbəb olub. Maliyyə bazarlarında bu bəyanat FES-in yaxın aylarda uçot dərəcəsini artırmayacağı kimi qəbul olunub və dollar buna neqativ reaksiya verib.

Neft qiymətlərinin artmasına təsir edən digər səbəb isə investorların qısa mövqelərini bağlaması ilə bağlıdır. "FactSet" analitika şirkətinin vitse-prezidenti Devid Nediq "Reuters" agentliyinə açıqlamasında bildirib ki, spekulyativ əməliyyatlar aparanlar qazanclarını yetərli hesab edərək neftin ucuzlaşması istiqamətində açdıqları mövqeləri artıq bağlayırlar. 

ABŞ fyuçers bazarları və İCE birjası üzrə komissiyanın verdiyi məlumata görə, yanvarın 26-dək olan həftə ərzində hedc fondları neftin ucuzlaşması istiqamətində mövqelərini 8% azaldaraq 347 mln. barelə salıblar. Məlumata əsasən, ardıcıl iki həftədir ki, açıq mövqelər azalır və məhz bu səbəbdən neftin qiyməti artmağa başlayıb və bu tendensiyanın davam etməsi gözlənilir.

Buna baxmayaraq, real neft bazarında vəziyyət dəyişməyib. Hasilatçı ölkələr hasilatı azaltmayıb və neftə qlobal tələb isə tədricən azalır. Beynəlxalq Enerji Agentliyinin hesabatına əsasən, keçən il gündəlik tələb 1,7 mln. barel artıb, bu il isə 1,2 mln. barel artacaq. ABŞ Energetika Nazirliyi ölkədə neft ehtiyatlarının keçən həftə 7,8 mln. barel yüksələrək 503 mln. barelə çatdığını bildirib. Bu da 1930-cu ildən etibarən ən yüksək hədd sayılır.

"Report"un analitik qrupu hesab edir ki, dolların məzənnəsinin zəifləməsi prosesi davam edəcək və bu, neft qiymətlərinin yüksəlməsinə səbəb olacaq. Avronun məzənnəsi 1,22 USD/EUR səviyyəsinə qədər, "Brent" markalı neftin qiyməti isə 55 dollar/barelə qədər arta bilər.

Son xəbərlər

Orphus sistemi