​"Report": Yaxın 2-3 ayda neftin qiyməti 75 dollar/barelə çatacaq

​"Report": Yaxın 2-3 ayda neftin qiyməti 75 dollar/barelə çatacaq Neftin son günlər müşahidə olunan bahalaşmasının əsas səbəbləri açıqlanıb
Energetika
16 Aprel , 2015 13:02
​Report: Yaxın 2-3 ayda neftin qiyməti 75 dollar/barelə çatacaq

Bakı. 16 aprel. REPORT.AZ/ Son günlər dünya bazarında neftin qiymətinin artması ABŞ-da xam neft ehtiyatlarının bir həftədə proqnozlaşdırılan 4,057 mln. barelə qarşı cəmi 1,294 mln. barel artması ilə bağlıdır. Həmin dövrdə benzin ehtiyatının azalma həcmi proqnozu 10,4 dəfə üstələyərək 2,072 mln. barel olub.

"Report" xəbər verir ki, bunun nəticəsində "Brent" markalı neft aprelin 15-də 5,85% artaraq günün sonunda 63,31 dollar/barelə qədər bahalaşıb.

ABŞ Energetika İnformasiyaları Agentliyinin (EİA) verdiyi məlumata görə, Şimali Dakotadakı yataqlarda gündəlik neft hasilatı 15 min barel azalıb. Baxmayaraq ki, bu bölgədə quyuların sayı hazırda tarixi maksimum həddədir. Qeyd edək ki, Şimali Dakotada "Bakken" və Texasda "Eagle Ford" yataqları əsas şist neft yataqları hesab olunur. Agentlik may ayında ABŞ-da hasilatın daha 30 min barel azalacağını proqnozlaşdırır.

"Baker Hughes" şirkətinin məlumatına görə, neft yataqlarında işlək vəziyyətdə olan qazma qurğularının sayı aprelin 3-10-da 42 ədəd azalaraq 760-a enib. Qeyd edək ki, 2014-cü ilin avqust -sentyabr aylarında işlək qurğuların sayı 2 031 olub.

"Report" agentliyinin analitik qrupu hesab edir ki, daha öncə qeyd olunduğu kimi, yaxın 2-3 ayda "Brent" markalı neftin qiyməti 75 dollar/barel səviyyəsinə qədər artacaq. Yaxın 5 ildə isə neftin qiymətinin 40-80 dollar/barel diapazonunda dəyişəcəyi ehtimal olunur. 

Son xəbərlər

Orphus sistemi