Yuxarı

"Report": Neft qiymətləri qısa müddətdən sonra yenidən azalacaq

Proqnoz: Neftin yenidən 30 dollar/barelə qədər ucuzlaşması mümkündür

Bakı. 13 aprel. REPORT.AZ/ Son günlər dünya neft bazarındakı qiymətlərdə müşahidə olunan müsbət tendensiyanın uzunmüddətli olacağı gözlənilmir. "Report"un analitik qrupu hesab edir ki, hazırda neft qiymətlərinin artması bazar günü keçiriləcək neft hasilatçılarının Doha görüşü ilə bağlı müsbət gözləntilərlə əlaqələndirilir. Qeyd edək ki, hazırda "Brent" markalı neft 44 dollar/bareldən satılır ki, bu da 2016-cı ilin minimal səviyyəsindən 63% yüksəkdir.

Xatırladaq ki, Doha sammitində neft hasilatçısı olan ölkələrin hasilatı dondurması gözlənilir. Neft hasilatının cari səviyyədə dondurulması isə neft bazarı üçün yaxşı heç nə vəd etmir. Çünki bir çox ölkədə neft hasilatı hazırda tarixi rekord səviyyədədir və ya buna yaxındır. Rusiya, Səudiyyə Ərəbistanı və İraqda neft hasilatı son aylarda xeyli artıb. Dohada hasilatın dondurulması neft bazarında təklifin yüksək səviyyədə saxlanması anlamına gələcək və neft bazarı ilkin olaraq buna müsbət reaksiya versə də, daha sonra neft qiymətlərinin kəskin azalması baş verəcək.

Qeyd edək ki, dünən, aprelin 12-də Amerika Neft İnstitutu (APİ) ABŞ-da neft ehtiyatları üzrə yeni həftəlik hesabatını açıqlayıb. Hesabata əsasən, ABŞ-da son bir həftədə xam neft ehtiyatı 6,22 mln. barel artıb. Proqnozlar isə artımın 0,73 mln. barel olacağını göstərib. Bu xəbərdən sonra "Brent" markalı neftin qiyməti 1 dollara yaxın azalaraq 43,5 dollar/barelə enib və sonradan yenidən yüksəlməyə başlayıb. 

"Report"un analitik qrupu neft qiymətlərindəki artımın spekulyativ olduğunu hesab edir, qısa müddətdən sonra yenidən azalmağa başlayacağını və 30 dollar/barelə enəcəyini proqnozlaşdırır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi