Yuxarı

Rəhman Qurbanov: "2015-ci ildə qaz hasilatı yeni rekorda çatıb"

Azərbaycanda ümumi qaz hasilatı 29,4 mlrd. kubmetr olub

Bakı. 4 yanvar. REPORT.AZ/ 2015-ci ildə Azərbaycanda əmtəə qazının hasilatı artıb. "Report" xəbər verir ki, bu barədə SOCAR-ın neft və qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov "Natural Gas Europe"a bildirib.

O qeyd edib ki, ölkədə əmtəə qazının hasilatı bu il 18,9 mlrd. kubmetrə çatıb, bu da ötən ilin göstəricisindən təxminən 0,2 mlrd. kubmetr çoxdur.

SOCAR-ın vitse-prezidentinin sözlərinə görə, "Şahdəniz" yatağından təbii qaz və "Azəri-Çıraq-Günəşli" yataqlarından səmt qazın hasilatı artıb: "2015-ci ildə "Şahdəniz" yatağından 9,9 mlrd. kubmetr əmtəə qazı hasil edilib. Azərbaycanda ümumi qaz hasilatı isə 29,4 mlrd. kubmetrə çatıb".

"BP-Azerbaijan" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı isə ötən il dekabrın sonunda bildirmişdi ki, "Şahdəniz Mərhələ 1" üzrə hasilatda avqust ayında hasilatın 3 həftə profilaktik işlərlə əlaqədar dayandırılmasına baxmayaraq artım gözlənilir.

Onun sözlərinə görə, hazırda yataqdan təxminən gündəlik 29 mln. kubmetr qaz hasil edilir: "2015-ci ilin 11 ayı ərzində Azərbaycan 6 mlrd. kubmetr həcmində "Şahdəniz Mərhələ 1" qazı ixrac edib. Bu isə 2014-cü ilin analoji dövründən 1,6% artıqdır. 2014-cü il ərzində bu yataqdan ümumi qaz ixracı 6,5 mlrd. kubmetr təşkil edib. Hazırkı göstəricilər onu deməyə əsas verir ki, 2015-ci ildə Mərhələ 1 üzrə hasilat 2014-cü ildən çox olacaq. "Şahdəniz Mərhələ 1" üzrə hasilat 2014-cü ildə 9,8 mlrd. kubmetr olub".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi