SOCAR prezidenti: "Azərbaycanın qaz ehtiyatları olduqca böyükdür"

SOCAR prezidenti: "Azərbaycanın qaz ehtiyatları olduqca böyükdür" Rövnəq Abdullayev: "Cənub Qaz Dəhlizinin reallaşdırılmasının qarşısında heç bir problem yoxdur"
Energetika
8 Dekabr , 2014 16:13
SOCAR prezidenti: Azərbaycanın qaz ehtiyatları olduqca böyükdür

Bakı. 8 dekabr. REPORT.AZ/ "Cənub Qaz Dəhlizinin reallaşdırılmasının qarşısında heç bir problem yoxdur". "Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.

Rusiyanın Avropa İttifaqının imtina etdiyi "Cənub axını" layihəsinin əvəzində Türkiyəyə yeni qaz kəmərinin çəkilməsi ilə bağlı rəsmi Moskva və İstanbul arasındakı razılaşmanı şərh edən R.Abdullayev yeni layihənin Azərbaycan qazının dünya bazarına çıxarılmasına mənfi təsir etməyəcəyini bildirib. 

""Şahdəniz" layihəsi irəli gedib. Layihənin ikinci fazasının işləri də uğurla davam etdirilir. Cənubi Qafqaz Boru Kəmərinin yeni xəttinin tikintisinin layihəsinə start verilib və artıq borular gəlməyə başlayıb. TANAP layihəsi üzrə boru tenderləri bitib, tikinti tenderləri də başa çatmaq üzrədir. Gələn ilin I rübündə Türkiyədə TANAP-ın təməlqoyması olacaq. TAP layihəsi də irəliləyir. Orada da gecikmə yoxdur. Cənubi Qafqaz Boru Kəməri 2046-cı ilə qədər Azərbaycan qazını Avropaya nəql edəcək. Artıq bununla bağlı bütün məsələlər həll olunub. Düşünürəm ki, bu qaz kəmərinin həyata keçirilməsində heç bir problem yoxdur. Bir sözlə, bizim layihələrə təsir edəcək hansısa hadisə yoxdur”, - SOCAR prezidenti vurğulayıb.

R.Abdullayev xüsusi qeyd edib ki, Azərbaycanın qaz ehtiyatları olduqca böyükdür: ""Ümid" yatağı üçün də təkliflər hazırlanıb və gələn ilin mart ayında həmin təkliflərə baxılacaq".

Rusiya qazının TANAP layihəsi vasitəsilə ixracının mümkünlüyü ilə bağlı sualı cavablandıran SOCAR rəhbəri belə bir təklifin olmadığını bildirib.

Yunanıstanın qaz şəbəkəsi operatoru olan DESFA şirkətində nəzarət səhm paketinin alınması ilə bağlı məsələyə aydınlıq gətirən R.Abdullayev hesab edir ki, bu layihə Yunanıstan hökumətinə və Avropa Komissiyasına daha çox lazımdır: “Hazırda DESFA ilə bağlı məsələlərə Avropa Rəqabət Komissiyasında baxılır. Bu layihə bizdən daha çox Yunanıstan hökuməti və Avropa Komissiyasına lazımdır. Bizim üçün bu adi infrastruktur layihəsidir. Bu, uzunmüddətli perspektivdə gəlir götürmək üçün yararlı layihədir".

R.Abdullayev bildirib ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağında hasil edilən qazı Gürcüstandan keçməklə Gürcüstan-Türkiyə sərhədinə qədər nəql etmək üçün nəzərdə tutulan Cənubi Qafqaz Boru Kəməri heç bir qaz kəmərinin rəqibi deyil: "Cənubi Qafqaz Boru Kəməri 2046-cı ilə qədər Azərbaycan qazını Avropaya nəql edəcək. Artıq bununla bağlı bütün məsələlər həll olunub. Düşünürəm ki, bu qaz kəmərinin həyata keçirilməsində heç bir problem yoxdur”.

Son xəbərlər

Orphus sistemi