Qəza ilə əlaqədar olaraq "Azərbaycan" İES mazuta keçib

Qəza ilə əlaqədar olaraq "Azərbaycan" İES mazuta keçib “Azərenerji” ASC: Hazırda İES-də cəmi 20% qazdan yanacaq kimi istifadə edilir
Energetika
11 Yanvar , 2017 12:11
Qəza ilə əlaqədar olaraq Azərbaycan İES mazuta keçib

Bakı. 11 yanvar. REPORT.AZ/ Səngəçal magistral qaz kəmərində baş vermiş qəza nəticəsində qaz təchizatında yaranan fasilə elektrik enerjisi istehsalında alternativ resurslardan istifadə olunması zərurəti yaradıb. “Report” xəbər verir ki, bu barədə “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidməti Mərkəzi Dispetçer İdarəsinin məlumatına əsasən açıqlama verib.

Qurumun ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı deyib ki, hazırda İES-də cəmi 20% qazdan yanacaq kimi istifadə edilir: “Baş vermiş məlum hadisə ilə əlaqədar, Azərbaycanın elektrik enerjisi sistemində fasilənin yaranmaması və dayanıqlığın təmin edilməsi üçün operativ tədbirlər görülüb. Səngəçal magistral qaz kəmərində baş vermiş qəza nəticəsində qaz təchizatında yaranan fasilə elektrik enerjisi istehsalında alternativ resurslardan istifadə olunması zərurəti yaradıb. Azərbaycan elektroenergetika sisteminin ən böyük generasiya gücünə malik olan stansiya - "Azərbaycan" İES dərhal istehsal prosesində təbii qazdan mazut yanacağına keçib. Hazırda da istehsal edilən elektrik enerjisinin 80%-i bu yanacaqdan alınır”.

Xatırladaq ki, yanvarın 10-da axşam saat 20:45 radələrində diametri 1 000 mm olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib.

Son xəbərlər

Orphus sistemi