Bakı. 20 oktyabr. REPORT.AZ/ “SOCAR-AQŞ” MMC “Qərbi Abşeron” yatağında 20 saylı stasionar dəniz özülündən layihə dərinliyi 800 m olan 29 saylı quyuda qazma işlərinə başlayır.
“Report”un MMC-yə istinadən xəbər verir ki, 29 saylı quyunun Girməki Dəstə-3 (GD-3) horizontuna qazılması planlaşdırılır.
Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.
Qeyd edək ki, “SOCAR-AQŞ” MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron Qazma” Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir. Hazırda “SOCAR-AQŞ” dayazsulu ‘’Günəşli ‘’yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı, ‘’Ümid’’ yatağının 1 saylı və ‘’Bulla’’ yatağında 6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.