Bakı. 18 dekabr. REPORT.AZ/ Rusiyanın “Qazprom” dövlət şirkətinin təbii qaz ixracatı Avropada spot qiymətlərinin azalması və elektrik enerji istehsalçılarının da qaza tələbatının azalması nəticəsində dalbadal üç aydır azalır.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə “Qazprom”un məlumatında göstərilir.
Belə ki, 1-15 dekabr tarixləri arasında ixracat 8 faiz azalaraq 8,4 milyard kubmetr təşkil edib. Noyabr ayında azalma 12 faiz, oktyabrda 6 faiz olub. Bundan əvvəl isə səkkiz ay sərasər ixracat artmaqda davam etmişdi.
“Qazprom”un müqavilə qiymətləri bu yaxınlardakı neft qiymətlərinin müvəqqəti yüksəlişini gec əks etdirərək artır. Lakin spot kotlaşmaları neft bazarındakı vəziyyətə dərhal reaksiya verərək azalıb. Bununla yanaşı, Avropada havaların nisbətən mülayim olması, yeraltı saxlanclardan qazın az sərfiyyatı, külək və kömür stansiyalarının rəqabəti nəticəsində enerji hasilatında qaz istehlakının azalması da qiymətlərin azalmasında mühüm amillərdir.
Hazırda Avropadakı qaz saxlanclarındə qazın həcmi son 6 ilin maksimumu olan 75,22 faiz səviyyəsindədir.